Bizim ailələrdə öz uşaqlarımızdan başqa, bir uşaq da böyüyür, xalqın uşağı. Süfrəmizdə oturmur, çörəyimizi bölüşmürük, evimizdə yaşamır, amma adı dilimizdən düşmür. Dərslərini yaxşı oxuyur, yarışlarda qalib gəlir, valideyninin sözündən çıxmır. Hələ bir neçə dil də bilir. Nədənsə, bu uşağın nə tənbəlliyini görürük, nə səhvini, nə də qapını çırpıb otağına çəkildiyini. Çünki biz sadəcə onun-xalqın uşağının uğurunu görürük.
Başqasının övladını bizə təqdim edilən bir nəticə ilə tanıyırıq. Öz övladımızın yorğunluğunu da görürük, həvəssizliyini də, uğursuzluğunu da. Sonra həmin bu nəticə ilə bütöv bir uşağı müqayisə edirik: - Gör filankəsin uşağı nələr eləyir! Bəs sən? Bu "bəs sən?” sualının içində valideynin arzusu da var, narahatlığı da, bəzən özünün həyata keçirə bilmədiyi istəklər də. Ancaq uşaq həmin sualda başqa bir məna eşidə bilər: "Sən olduğun kimi məni qane etmirsən”.
Düzdür, burada valideyni anlamaq çətin deyil. Kim istəməz ki, övladı bacarıqlı, çalışqan, uğurlu olsun? Başqa bir uşağın nailiyyətini görəndə öz övladının da bunu bacarmasını arzulamaq təbiidir. Sözsüz ki, problem arzunun özündə yox, onun uşağa necə çatdırılmasındadır. Övladımızı həvəsləndirmək istəyərkən bəzən ona özündən narazı qalmağı aşılayırıq.
Məncə, burada nümunə göstərməklə müqayisə edib kiçiltməyin sərhədini ayırmaq lazımdır. Başqasından öyrənmək həyatın təbii bir hissəsidir. Bir uşağın zəhməti, məşq üsulu, başladığı işi sona çatdırması başqa uşağa da yol göstərə bilər. "Bax, o, hər gün məşq edərək bu nəticəni qazanıb. Sən də istəyirsənsə, necə edəcəyimizi düşünək” deməklə "O bacarır, sən niyə bacarmırsan?” demək eyni deyil. Birinci cümlə yol göstərə, İkinci cümlə uşağı özünü müdafiə etməyə məcbur edə bilər.
Xüsusilə yeniyetməlikdə bu söhbətlər asanlıqla qarşıdurmaya çevrilir: - Bəsdir məni başqaları ilə müqayisə etdiniz! Mən buyam! Niyə kiməsə oxşamalıyam? Valideynsə bunu ərköyünlük, tərslik, sözə baxmamaq kimi qəbul edir. Bəzən bu etirazın içində məsuliyyətdən yayınmaq da olur. Amma hər etirazı ərköyünlük saymaq düzgün deyil. Çünki Uşaq sadəcə öz yerini qorumağa çalışır: "Məni də görün. Mənim də nə istədiyimi soruşun”.
Kiçik yaşlı uşaq isə narazılığını bu qədər açıq ifadə etməyə bilər. O, valideyninin kimə, nəyə sevindiyini çox yaxşı müşahidə edə bilir. "Bunu etsəm, məni də tərifləyərlər” düşüncəsi ilə davranmağa başlayır. Valideyninin rəğbətini qazanmaq istəyi təbiidir. Ancaq hər addımını yalnız bu rəğbətə görə atmağa başlayanda öz maraqlarına yer qalmır. Nəyi sevdiyini anlamaq əvəzinə, nə etsə bəyəniləcəyini hesablamağa alışır. Bu isə insanı özü olmaqdan çıxarır, ətraf mühitə görə yaşamaq çərçivəsinə salır.
Düşünün, evdə gözəl rəsm çəkən uşağımız var, biz qonşunun riyaziyyat nəticəsindən danışırıq. Futbol oynamağı sevən övladımıza "topun dalınca qaçmaqla nə olacaq?” deyirik, sonra xaricdə bir uşağın futbol bacarığını göstərən videonu heyranlıqla paylaşırıq. Öz uşağımızın nəzakətini, qayğıkeşliyini adi hal sayır, başqa bir uşağın eyni davranışını uzun-uzadı tərifləyirik.
Bəzən uzaqdakı istedada heyran olmaq, yaxınımızdakı istedada şərait yaratmaqdan daha asandır. Birincisi üçün videonu paylaşmaq kifayətdir. İkincisi vaxt, səbir və zəhmət istəyir.
Məncə, bu münasibətin yalnız uşaq tərbiyəsi ilə bağlı olmayan bir tərəfi də var. Biz bəzən özümüzə aid olanın dəyərini görməkdə çətinlik çəkirik. Yaxınımızda olduğu üçün adiləşdirir, başqasına məxsus olduğu üçün böyüdürük.
Bir dəfə Türkiyədən olan bir dostum mənə zarafatla demişdi: - Şamil, para qazanmaq istəyirsənsə, şirkət aç, bir də üstünə "gavur ismi” qoy, pul tıkır-tıkır gələcək. Zarafat idi, amma düşündürücü tərəfi çoxdu. Bəzən eyni xidmət yerli adla təqdim olunanda sadə, xarici adla təqdim olunanda daha səviyyəli görünür. "Çayxana” sözündə köhnəlik axtarır, eyni məkanın lövhəsində ingiliscə ad görəndə müasirlik tapırıq. Sanki keyfiyyət əvvəlcə xidmətin özündə yox, adının hansı dildə yazılmasındadır. Bunu bütöv bir millətin dəyişməz xüsusiyyəti və ya "milli sindrom” adlandırmaq, yəqin ki, həddindən artıq ümumiləşdirmə olar. Məncə özümüzdə gördüyümüz bu vərdiş haqqında dərindən düşünməliyik: niyə bəzən bir şeyin qiymətini bilmək üçün əvvəlcə başqasının ona dəyər verməsini gözləyirik?
Eyni sualı övladlarımız haqqında da verə bilərik. Uşağımızın bacarığını görmək üçün mütləq kimsə onu alqışlamalıdırmı? Müəllimi tərifləmədən, yarışda yer tutmadan, sosial şəbəkədə videosu yayılmadan da onun zəhməti bizim üçün qiymətli ola bilməzmi?
Əlbəttə, öz övladına dəyər vermək onun hər hərəkətinə "əla”, hər cızığına "möhtəşəm”, hər cavabına "dahiyanə” demək deyil. Mən səbəbsiz və ölçüsüz tərifi də doğru saymıram. Uşaq nəyi yaxşı etdiyini, harada çətinlik çəkdiyini bilməlidir. Hər işinə eyni heyranlıqla cavab veririksə, tərifimiz də bir müddət sonra mənasını itirir. "Sən dahisən” deməkdənsə, "Bu işə vaxt ayırdın, əvvəlkindən daha yaxşı alındı” demək daha dürüstdür. "Səndən heç nə olmaz” deməkdənsə, "Bu dəfə hazırlaşmadın, nəticədə də bunu görürük. Nəyi dəyişə bilərsən?” soruşmaq daha faydalı deyilmi?
Dəyər vermək həm uğuru görməkdir, həm də nöqsanı uşağın şəxsiyyətini alçaltmadan demək. Övladımız bilməlidir ki, səhvini düzəltməsini istəyirik, amma sevgimizi hər dəfə yaxşı nəticə göstərməklə qazanmağa məcbur deyil. Bu, tələbkarlıqdan imtina etmək də deyil. "Mən beləyəm” cümləsi bütün məsuliyyətlərdən azad edən vəsiqəyə çevrilməməlidir. Hər uşağın yerinə yetirməli olduğu öhdəliklər, öyrənməli olduğu davranışlar var. Fərdiliyinə hörmət etmək onun zəhmətdən yayınmasına göz yummaq demək deyil. Sadəcə, tələbi başqa uşağın həyatına görə yox, öz övladımızın yaşına, imkanlarına və ehtiyaclarına görə müəyyənləşdirməliyik.
Uşağımızı tanımaq üçün onun qiymətlərindən başqa mövzularla da maraqlanmalıyıq: nəyi sevə-sevə edir, nədə çətinlik çəkir, hansı işə başlayanda vaxtı unudur, harada köməyə ehtiyacı var? Bu sualların cavabını bilmədən ondan uğur gözləmək, tanımadığımız bir yolun sonunda bizi qarşılamasını istəməyə bənzəyir.
Müqayisəyə ehtiyac duyuruqsa, onun öz inkişafına baxaq: dünən nəyi bacarmırdı, bu gün nəyi öyrənib? Harada daha səbirli, daha məsuliyyətli olub? Nəticəsi hələ görünməsə də, hansı zəhməti çəkib? Bunlar gurultulu nailiyyətlər deyil, amma böyüməyin mühim hissəsidir.
Xalqın uşağının uğuruna sevinək. Onu təbrik edək, zəhmətindən öyrənək. Ancaq həmin uğuru öz övladımızın başına qaxmayaq. Başqasını alqışlamaq üçün öz uşağımızı kiçiltməyə ehtiyac yoxdur.
Gəlin bu dəfə "Gör xalqın uşağı nə edir!” demək istəyəndə bir anlıq dayanaq və özümüzdən soruşaq: Bəs mən uşağımın nə etdiyinin nə qədər görürəm?
Dosent Şəmil Sadiq











































