Sentyabrın 3-də Urmiyə və Təbriz şəhərlərində yenidən kütləvi etiraz nümayişləri baş verib. Urmiyə gölünün qurumasına qarşı etiraz çağırışına cavab olaraq minlərlə adam küçələrə çıxıb. Etiraz yürüşləri polis qüvvələri tərəfindən dağıdılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən İranda Azərbaycanlı Siyasi Məhbsuların Müdafiə Assosasiyasının sözçüsü Vahid Qaradağlı bildirib ki, polis gözyaşardıcı qaz və rezin gülələrdən istifadə edib. Onun sözlərinə görə, onlarla nümayişci həbs olunub. Onların sayı və adalrı dəqiqləşdirilir. Sosial şəbəkələrdə də Təbriz və Urmiyə şəhərlərindəki nümayişlər haqda çoxlu məlumatlar yayılır, hökümət qüvvələrinin və mülki geyimli dəstələrin nümayişçilərə hücum etdiyi xəbər verilir. Hadisələrin görüntüləri də yayılır.