Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq
Yaşlıların uşaqlara verdiyi ən məşhur sual “Böyüyəndə nə olmaq istəyirsən?” sualıdır. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə “ya polis olmaq istəyirlər, ya həkim, ya da müğənni”. Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında “atama, anama oxşamaq istəyirəm” cavabını verirlər. Amma mən bu yaxınlarda getdiyim kimsəsiz uşaqlar evində uşaqlara bu sualı verməyə qorxdum. Bilirdim ki, onlar da digər həmyaşıdları kimi “müəllim, həkim, polis, müğənni” cavabını verəcəkdilər. Amma mən bu sualı ona görə vermədim ki, peşəni nəyə görə seçdikləri ilə maraqlansaydım “atama, anama oxşamaq istəyirəm” cavabını eşidə bilməyəcəkdim. Çünki bu uşaqlar bir dəfə də olsun atalarının, analarının sifətini görməyiblər. Bu uşaqlar ana nəvazişindən, ata qayğısından uzaq olan uşaqlardır. Onların valideynləri digər valideynlərdən fərqlidirlər. Onların valideynləri öz doğma övladlarına sahib çıxa bilməyən insanlardır. Əslində, onlara insan demək belə düzgün deyil. Bu “insanlar” Allahın onlara verdiyi şirin paydan imtina edən şəxslərdir. Amma bu gün Azərbaycanda bir övladlarının olması üçün hər şeyini verməyə hazır olan yüzlərlə ailə var. Bu insanlar kimsəsiz uşaq evlərinə gedib, bir uşağı övladlığa götürüb onu doğma övladları kimi saxlayırlar. Həmin uşaqların doğma valideynləri isə balacaların taleyi ilə bir dəfə də olsun maraqlanmırlar. Düşünürəm ki, belə “insan”lara ana demək, övladı olmayan şəxslərə hörmətsizlik və təhqirdir. Bu yaxınlarda “İrəli” İctimai Birliyində “De-institusionalizasiya” ilə bağlı tədbir olacağını eşidən çox sevindim və böyük məmnuniyyətlə bu tədbirdə iştirak etdim. Qeyd edim ki, cənab prezident İlham Əliyev 2006-ci ildə Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dovlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək qeyd olunub.
Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq var. Bu sərəncam ilə 2015-ci ilə qədər Azərbaycanda bütün uşaqların ailəsi olacaq. Onlar da həmyaşıdları kimi valideyn, ailə qayğısı görəcəklər. Onlar da artıq “mənim anam, atam var” deyə biləcəklər. Və nəhayət həmin uşaqlarla rastlaşanda fəxrlə böyüyəndə kimə oxşamaq istədikləri ilə maraqlana biləcəyəm. Uşaqlarla bağlı ən gözəl söz heç şübhəsiz ki, “Uşaqlar bizim gələcəyimizdir” sözüdür. Yazımın sonunda Gələcəyimizə sahib çıxan hər kəsə sonsuz təşəkkür edirəm. Yaxşı ki, varsınız. Bəlkə həmin o vicdansız valideynlər sizin bu böyüklüyünüzü görüb nə qədər səhv iş gördüklərini anlayar və öz doğma övladlarına sahib çıxarlar... Təbii ki, əgər onlarda vicdan qalıbsa... Hacıbəy HEYDƏRLİ