Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi, uşaqpulunun bərpası və çoxuşaqlı ailələrə dəstək məsələsi uzun illərdir müzakirə olunur.
Bu müddət ərzində deputatlar uşaqlara aylıq müavinət verilməsi, Aliment Fondunun yaradılması və ailələrə əlavə sosial dəstəyin göstərilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.
Müavinətlərin artırılmasının gündəmdə olduğu bir vaxtda əvvəlki illərdə səsləndirilən bu təşəbbüslər də yenidən diqqət çəkir.
AZXEBER.COM deputatların uşaqların sosial müdafiəsi ilə bağlı irəli sürdükləri təklifləri araşdırıb.
Fazil Mustafa – Uşaq pulu bərpa edilsin
2019-cu il mayın 3-də deputat Fazil Mustafa uşaq pulunun bərpa olunmasını təklif edib. O, ilkin mərhələdə müavinətin 6 yaşadək uşaqlara verilməsini istəyib.
Deputat, həmçinin aliment ödəməyən valideynlərin əvəzinə dövlətin ödəniş etməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.
Əli Məsimli – İşsiz valideynlərin uşaqlarına müavinət verilsin
2020-ci ilin aprelində deputat Əli Məsimli valideynləri işləməyən ailələrin uşaqlarına üç ay müddətində müavinət verilməsini təklif edib.
Qənirə Paşayeva və Musa Quliyev – Uşaq məhsullarına vergi güzəşti tətbiq edilsin
2021-ci il noyabrın 17-də deputat Qənirə Paşayeva uşaq qidaları və bezlərinin ƏDV-dən azad olunmasını təklif edib.
Musa Quliyev də bu təşəbbüsü dəstəkləyərək həmin məhsulların ölkə daxilində istehsalının artırılmasının vacibliyini vurğulayıb.
Hicran Hüseynova – Aliment Fondu yaradılsın
2021-ci il noyabrın 12-də deputat Hicran Hüseynova aliment ala bilməyən uşaqların hüquqlarının qorunması məqsədilə Aliment Fondunun yaradılmasını təklif edib. O, həmçinin atalıq məzuniyyətinin ödənişli olmasını və boşanma proseslərində məhkəmələrdə psixoloqların fəaliyyət göstərməsini istəyib.
Qüdrət Həsənquliyev – 10 yaşadək uşaqlara müavinət verilsin
2021-ci il noyabrın 17-də deputat Qüdrət Həsənquliyev 10 yaşınadək uşaqlara müavinət ayrılmasını təklif edib. O, xüsusilə uşaqlarını tək böyüdən analara dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Məlahət İbrahimqızı – Şəhid və hərbçilərin övladlarına uşaq pulu verilsin
2022-ci il noyabrın 11-də deputat Məlahət İbrahimqızı şəhid və hərbçi ailələrinin övladlarına ayrıca uşaq pulu ödənilməsini təklif edib.
Tahir Kərimli – Yeni doğulan uşaqlara 2000 dollar verilsin
2022-ci il oktyabrın 18-də deputat Tahir Kərimli yeni doğulan hər bir uşaq üçün bank hesabı açılmasını və həmin hesaba 2000 dollar köçürülməsini təklif edib. O, bu vəsaitin Neft Fondunun hesabına ödənilməsini mümkün hesab edib.
Fəzail Ağamalı – Sosial yardım uşaq pulu kimi verilsin
2022-ci il noyabrın 11-də deputat Fəzail Ağamalı ünvanlı dövlət sosial yardımının uşaq pulu formasında verilməsini təklif edib.
Vüqar Bayramov və Musa Quliyev – Çoxuşaqlı ailə statusunun şərtləri dəyişdirilsin
2024-cü il martın 13-də deputat Vüqar Bayramov çoxuşaqlı ailə statusunun müəyyənləşdirilməsi üçün tələb olunan uşaq sayının beşdən üçə endirilməsini təklif edib.
Onun hesablamalarına görə, təklif qəbul ediləcəyi təqdirdə 110 min ailə bu imkandan yararlana bilərdi. Musa Quliyev də təşəbbüsü dəstəkləyib.
Bəxtiyar Əliyev – Şəhid övladları özəl məktəblərdə pulsuz oxusun
2024-cü il martın 29-da deputat Bəxtiyar Əliyev şəhid övladlarının özəl məktəblərdə təhsil haqlarının dövlət tərəfindən ödənilməsini təklif edib.
Həmin müzakirələr zamanı Musa Quliyev 23 yaş məhdudiyyətinin aradan qaldırılmasını, Zahid Oruc isə güzəştlərin magistratura təhsilinə də şamil edilməsini istəyib.
Valideyn himayəsindən məhrum olanlara 6 min manat birdəfəlik müavinət verilsin
2024-cü il oktyabrın 3-də Milli Məclisdə valideyn himayəsindən məhrum olmuş şəxslərin ilk dəfə işə düzəlməsi zamanı onlara 6 min manat birdəfəlik müavinət verilməsi təklif olunub.
Komitə sədri Musa Quliyev bildirib ki, bu vəsait həmin şəxslərin ilkin ehtiyaclarının qarşılanmasına kömək edəcək. Təklif sonradan qanunvericiliyə daxil edilib.
Hikmət Babaoğlu – Məktəblilər üçün xüsusi qidalanma menyusu hazırlansın
2026-cı il yanvarın 28-də deputat Hikmət Babaoğlu məktəblilər üçün xüsusi qidalanma menyusunun hazırlanmasını təklif edib. O, menyunun məktəblərin ətrafındakı mağazalara da təqdim olunmasını istəyib.
Qüdrət Həsənquliyev – Məktəblərdə sağlam qidalanma təmin edilsin
2026-cı il fevralın 10-da deputat Qüdrət Həsənquliyev məktəblərdə uşaqların keyfiyyətli qidalanmasının təmin olunmasını və məktəblərin ətrafında zərərli məhsulların satışının məhdudlaşdırılmasını təklif edib.
O, həmçinin 15 yaşlı yeniyetmələrin qanuni şəkildə iş tapmasına kömək edəcək portalın yaradılmasını istəyib.
Vüqar Bayramov – Çoxuşaqlı ailələrə hər uşaq üçün 140 manat müavinət verilsin
2026-cı ildə deputat Vüqar Bayramov üç və daha çox uşağı olan ailələrə hər uşaq üçün aylıq 140 manat müavinət verilməsini təklif edib.
O, həmçinin çoxuşaqlı ailə statusu üçün tələb olunan uşaq sayının üçə endirilməsini və uşaqların sayından asılı olaraq valideynlərin pensiya yaşına yenidən baxılmasını gündəmə gətirib.
Razi Nurullayev – Uşaqlı ailələrə mənzil dəstəyi göstərilsin
2026-cı il sentyabrın 30-da deputat Razi Nurullayev uşaqlı ailələr üçün güzəştli ipoteka imkanlarının genişləndirilməsini və mənzil alanlara ilkin ödəniş zamanı dövlət dəstəyinin göstərilməsini təklif edib.
Qeyd edək ki, 2026-cı ildə "Uşaq hüquqları haqqında” yeni qanun layihəsi də Milli Məclisdə müzakirə olunub. Layihədə uşaqların hüquqlarının qorunması, zorakılığın qarşısının alınması, təhsil və sağlamlıq hüquqlarının təmin edilməsi ilə bağlı müddəalar yer alıb.
Fəridə Əsədzadə












































