Azərbaycanda ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi və təhsilin dünyəviliyi prinsipi təhsil sisteminin mühüm məsələlərindən biridir. Məktəblərdə vahid geyim qaydalarının müəyyən edilməsi şagirdlər arasında sosial bərabərliyin təşviqi, nizam-intizamın qorunması və ümumi məktəb mühitinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, məktəbli geyimləri ilə bağlı tələblərin şagirdlərin fərdi hüquq və azadlıqları ilə uzlaşdırılması da diqqət yetirilən məsələlər sırasındadır.
Azərbaycan qanunvericiliyinə əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip təhsil prosesinin dini təsirlərdən asılı olmadan, elmi biliklərə, ümumbəşəri dəyərlərə və müasir təhsil standartlarına uyğun təşkilini nəzərdə tutur. Eyni zamanda, təhsil müəssisələrində şagirdlərin vicdan və dini etiqad azadlığına hörmət edilməsi, fərqli dünyagörüşünə malik şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi mühüm əhəmiyyət kəsb edir.
Vahid məktəbli geyimi ilə bağlı qaydalar və təhsilin dünyəviliyi prinsipi məktəblərdə vahid tələblərin tətbiqi, şagirdlərin hüquqlarının qorunması, valideynlərin mövqeyi və təhsil müəssisələrinin daxili intizam qaydaları baxımından bir-biri ilə əlaqəli məsələlər kimi qiymətləndirilir. Bu istiqamətdə əsas məqsəd bütün şagirdlər üçün bərabər təhsil imkanlarının təmin edilməsi, sağlam tədris mühitinin yaradılması və təhsil prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsidir.
Milli Məclisin deputatı Rövşən Muradov AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəb mənəvi və sosial inkişafın əsaslarının formalaşdığı mühüm ictimai institutdur:

"Vahid məktəbli geyimi və təhsilin dünyəviliyi məsələsinə münasibət bildirərkən ilk növbədə məktəbin cəmiyyət həyatındakı fundamental missiyasını düzgün qiymətləndirmək lazımdır. Məktəb yalnız akademik biliklərin mənimsənildiyi müəssisə deyil, şəxsiyyətin intellektual, mənəvi və sosial inkişafının əsaslarının formalaşdığı mühüm ictimai institutdur. Burada müəyyən edilən hər bir qayda uşağın düşüncə tərzinə, davranış mədəniyyətinə və cəmiyyətə inteqrasiyasına təsir göstərir. Bu baxımdan vahid məktəbli forması məsələsi geyim seçiminin hüdudlarını aşaraq təhsil fəlsəfəsinin, sosial bərabərliyin və institusional nizamın tərkib hissəsinə çevrilir. Azərbaycan Respublikasının qanunvericiliyində millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit edilmişdir. Bu prinsip milli-mənəvi dəyərlərimizin qorunması ilə dünyəvi təhsil sisteminin inkişafını vahid müstəvidə birləşdirir. Dünyəvilik dini etiqadın inkarı və ya milli-mənəvi kimliyin məhdudlaşdırılması deyil, məktəbin müxtəlif inanclara mənsub uşaqlar üçün ortaq, bərabərhüquqlu və ideoloji təsirlərdən uzaq təhsil mühiti kimi fəaliyyət göstərməsidir. Dövlətin dünyəvi xarakteri ilə vətəndaşların dini etiqad azadlığı arasında hüquqi tarazlığın qorunması məhz bu yanaşmanın mahiyyətini təşkil edir”.
Parlamentari qeyd edib ki, vahid məktəbli forması nizam-intizamın və kollektiv məsuliyyətin pedaqoji ifadəsidir:
"Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə müəyyən edilmiş geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilməməsi nəzərdə tutulmuşdur. Eyni zamanda milli tariximizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə həsr olunan tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında milli geyim elementlərindən istifadə imkanı saxlanılmışdır. Bu müddəalar hüquqi tənzimləmənin milli kimliklə dünyəvi təhsil prinsiplərinin uzlaşdırılması əsasında qurulduğunu göstərir.
Vahid məktəbli forması mahiyyət etibarilə qadağa vasitəsi deyil, bərabərliyin, nizam-intizamın və kollektiv məsuliyyətin pedaqoji ifadəsidir. Uşaqların ailələrinin maddi imkanlarından və sosial mənsubiyyətindən asılı olmayaraq eyni məktəb mühitində formalaşması onların qarşılıqlı münasibətlərində sosial fərqlərin qabardılmasını azaldır. Vahid geyim şagirdin diqqətini zahiri fərqlərdən bilik və bacarıqların inkişafına yönəltməyə, məktəbə mənsubiyyət hissini möhkəmləndirməyə xidmət edir. Bu prinsip müəllimlərdən də peşəkar davranış və işgüzar geyim mədəniyyəti tələb edir. Çünki pedaqoji nüfuz yalnız verilən biliklə deyil, həm də müəllimin şəxsi nümunəsi ilə formalaşır”.
Deputat deyib ki, digər mühüm məsələ uşağın hüquqlarının və şəxsiyyət kimi müstəqil inkişafının qorunmasıdır:
"Digər mühüm məsələ uşağın hüquqlarının və şəxsiyyət kimi müstəqil inkişafının qorunmasıdır. "Uşaq hüquqları haqqında” Qanunun 19.2-ci maddəsi valideynlərin qarşılıqlı razılıq əsasında dini tərbiyə hüququnu tanımaqla yanaşı, uşağın dinə etiqad etməyə məcbur edilməsini qadağan edir. Deməli, ailənin dini tərbiyə hüququ ilə məktəbin dünyəvi təhsil prinsipləri qarşılıqlı hörmət, hüquqi məsuliyyət və uşağın üstün mənafeləri əsasında uzlaşdırılmalıdır. Bu istiqamətdə maarifləndirmə, valideyn-məktəb əməkdaşlığı və pedaqoji həssaslıq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında təhsili ideoloji təhlükəsizliyin mühüm təminatlarından biri kimi qiymətləndirməsi də məsələnin strateji məzmununu aydınlaşdırır. Çünki bilikli, müstəqil düşünən və vətənpərvər gəncliyin yetişdirilməsi cəmiyyətin zərərli ideoloji təsirlərə qarşı dayanıqlığının əsasını təşkil edir”.
"Hesab edirəm ki, məktəbin başlıca vəzifəsi uşaqları geyimlərinə görə fərqləndirmək deyil, onları biliklərinə, mənəvi keyfiyyətlərinə və intellektual potensiallarına görə inkişaf etdirməkdir. Vahid məktəbli forması fərdi şəxsiyyətin inkarına deyil, hər bir uşağın eyni hüquqi və pedaqoji mühitdə yetişməsinə xidmət etməlidir. Çünki güclü təhsil sisteminin təməlində zahiri eynilikdən daha çox, imkanların bərabərliyi, düşüncənin müstəqilliyi və ortaq dəyərlərə hörmət dayanır”,-deyə deputat vurğulayıb.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.
Şahanə Ziyad


Şahanə Ziyad











































