“Yaradıcılığın nə qəlibi, nə düsturu, nə də ki teoremi var”.
“Bizim gəncliyimiz informasiyanı qavramağa, onu anlamağa hələ hazır deyil”.
“Bu qədər dahilərin dərs dediyi universitetdə digər ölkələrə nisbətən nə qədər geridə qalmışıq”.
“Bu müharibədə kim daha çox hazırlıqlıdırsa, o da qalib gələcək”.
“Amma onlar məni dinləmədilər və cəbhəyə getdilər. Onların cənazələrini qarşıladım”.
“Əgər biz onu qoruya bilmiriksə, demək ki, o heç vaxt bizim olmayıb”.
“Bazarda nar satmaqla müharibədə qalib gələ bilməyəcəyik”.
Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. AZXEBER.COM portalı festivalla bağlı Xalq Artisti Vaqif Əsədovun fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik...
"Yaradıcılığın nə qəlibi, nə düsturu, nə də ki teoremi var”.
-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?
Çox müsbət qarşılayıram. Bugünki gənclik üçün lazımlı, vacib və bir o qədər də əhəmiyyətli bir layihədi. Düşünürəm ki, gecikilmiş bir addımdır. Çünki bu cür layihələr davamlı şəkildə daha tez edilməli idi. Bu cür festivalın yeganə qayəsi gənclərə vətənpərvərlik ruhunu aşılamaq yox, eyni zamanda onlarda yaradıcılıq ruhunu daha da artırmağa xidmət edir. Əgər gənclik vətənin çağırışlarına cavab vermirsə, onun dərdinə biganə yanaşırsa, deməli, onlardan əvvəlki nəsil nəyisə yanlış edib. Bu nöqteyi nəzərdən festivalın bu mövzuda keçirilməsini müsbət qarşılayıram. Arzum budur ki, bu cür fetivallar sonuncu olmasın, daha çox davamlı şəkildə keçirilsin.
-Vaqif müəllim, sizcə, gəncliyimizin hazırki problemi nədir?
Yaradıcılığın nə qəlibi, nə düsturu, nə də ki teoremi var. Problemin kökündə duran ən əsas səbəb həmin gəncliyin səviyyəsindən aslıdır. Gəncliyin intellektual səviyyəsi, yaradıcılıq haqqındakı məlumatı nə qədərdirsə, onun yaradıcılığı da bir o qədər olacaq. Mən, əlbəttə, arzu edərdim ki, bizim gəncliyimiz daha çox hazırlıqlı və daha rəngarəng olsun. Ən böyük arzum isə budur ki, gəncliyimizin yaradıcı prossesi onun kökünə - tarixinə, mənəviyyatına, dilinə bağlı olsun.
“Bizim gəncliyimiz informasiyanı qavramağa, onu anlamağa hələ hazır deyil”.
-Sizin dövrünüzdə gənclərin qarşılaşdığı çətinliklərlə indiki gənclərin qarşılaşdığı çətinliklər arasında hansı fərqləri görürsünüz?
Xeyli fərq var. Çünki bizim gəncliyimiz bir tərəfdən daha çox xoşbəxtdir. Bizim gəncliyimiz 60-cı illərə təsadüf edib. O dövr intibah dövrü idi. Biz yeni-yeni fəaliyyətə başlayanda hələ azadlığın iyini yeni-yeni hiss edirdik. O dövrdə bizim əldə etdiyimiz informasiyalar bugünki gəncliyin hər gün əldə etdiyi informasiyalardan müqayisə olunmayacaq qədər dar çərçivədə idi. Biz gəncliyimizdə informasiyaya ac idik. Bundan başqa biz başqa bir dövlətin tərkibində idik. Müstəqil deyildik. Təbii ki, bu yaradıcılığa da təsir edirdi. İndiki gənclik isə azaddır. Hətta bu azadlıq elə bir səviyyəyə çatıb ki, onlar nə edəcəklərini bilmirlər.
-Yəni demokratiya, azadlıq və gənclər arasında olan plüralizm onların yaradıcılığına mənfi təsir edir?
Yox, burada onların nə edəcəklərini bilməmələrini söyləyərkən mən gəncliyin səviyyəsini nəzərdə tuturdum. Çünki bizim gəncliyimiz çox şeyə hazır deyil.
-Sizcə, bizim gəncliyimiz digər ölkələrin gəncləri ilə eyni səviyyədə deyil?
Xeyr, eyni səviyyədə deyil.
-Vaqif müəllim, siz bunun səbəbini nədə görürsünüz?
Mən bunun ən başlıca səbəbini təhsildə görürəm.
-Ədəbiyyatın az olmasını nəzərdə tutursunuz?
Xeyr. Ədəbiyyat kifayət qədər var. İstər internetdən, istərsə də digər nəşrlərdən istədiyin ədəbiyyatı əldə etmək mümkündür. Sadəcə, bizim gəncliyimiz informasiyanı qavramağa, onu anlamağa hələ hazır deyil.
-Təhsildəki hansı hallardan narazısınız?
Bilirsiniz, nə qədər ki təhsilimiz cəmiyyətimiz üçün prioritet məsələyə çevrilməyib, bu zaman bizim gəncliyi dünya gəncliyi ilə müqayisə etməyə dəyməz. Əgər gənclik dünyada gedən prosseslərə mövqe bildirməyə hazır deyilsə, o zaman biz nədən danışa bilərik? Təhsildən çox şey asılıdır. Əgər sən daha bilikli, daha intellektual və daha çox yaradıcı olsan, o zaman sən dövlətini də, millətini də, bütün məmləkətini də dünya arenasında qoruya bilərsən.
-Neçə ildir ki, teatr sahəsində fəaliyyət göstərirsiniz. Hazırda yetişən və yetişməkdə olan yaradıcı gənclərə ümidiniz varmı?
Mümkün deyil ki, bir cəmiyyətin bir hissəsi yaxşı, digər bir hissəsi isə pis olsun. Çox cüzi bir şəkildə onlar arasında intellektual səviyyəli insanlar orataya çıxır. Bu 3-5 faiz isə cəmiyyəti ayağa qaldıra bilməz. Bu, kütləvi şəkildə inkişaf etməlidir. Dünya bizim vaxtımızda daha çətin idi. Amerikada baş verən hər hansı bir dünya əhəmiyyətli kəşfi biz 10 gün sonra öyrənirdik. Amma indi 1 dəqiqə belə çəkmir ki, biz bu informasiyanı əldə edək. Bu sürətin qabağında, bu inkişafın qabağında bizim gənclik daha yaxşı hazırlaşmalı və dünyaya hazır vəziyyətdə çıxmalıdır.
-Gəncliyimizi inkişaf etdirmək üçün sizin hansı təklifiniz var?
Bu günə qədər hələ dünyada elə bir dərman ixtira olunmayıb ki, onu atasan və sən qarşındakıların istədiyi səviyyəyə çatasan. Bunun üçün yalnız oxumaq və intellektual biliyi inkişaf etdirmək lazımdır. Dünyada baş verən hadisələr haqqında ən azından məlumatlı olmaq və onun haqqında fikir yürütmək lazımdır. Şərt deyil ki, sənin fikrin nəyinsə yaranmasında həlledici olacaq. Şərt odur ki, sən bununla düşünməyi və qavramağı bacaracaqsan.
“Bu qədər dahilərin dərs dediyi universitetdə digər ölkələrə nisbətən nə qədər geridə qalmışıq”.
-Vaqif müəllim, qeyd etdiniz ki, təhsil zəifdir. Yaradıcı gənclər üçün universitet belə var. Təhsilin olmaması və ya zəif inkişaf etməsi, sizcə, daha çox həmin təhsil müəssəsəsinin rəhbərliyindən asılır?
Yenə mən gəncliyimdən misal çəkmək istəyirəm. 1969-cu ildə biz Tofiq Kazımov kimi bir çox dahilərdən dərs alırdıq. Onlar bizim üçün bu işin dahiləri idilər. Biz bir dəfə universitetdən bir yarışmaya qatıldıq və bu yarışmada SSRİ-yə daxil olan digər ölkələrdən gələn tələbələr də qatılırdı. Biz orada gördük ki, bizim təhsilimizlə onların təhsili arasında fərq çoxdur. Burada təhsilin strukturundan söhbət gedir. İstedad, təbii ki, əsasdır, ancaq bizim təhslimizlə digər ölkələrin təhsili arasında fər çox idi. Onlar bizdən üstün idilər. Hələ biz o zaman başa düşdük ki, bu qədər dahilərin dərs dediyi universitetdə digər ölkələrə nisbətən nə qədər geridə qalmışıq. Bu gün də bizə tələbələr gəlir. Hərdən məni dəhşət bürüyür ki, bunlar, ümumiyyətlə, oxuyublarmı? Rəhmətlik Səməndər Rzayev o vaxt deyirdiki, bizim universiteti aktyor kimi bitirən ən gənc aktyor 5 il işlədikdən sonra ayağının yerə dəydiyini hiss etməyə başlayır. Yəni biz 5 il işləməliyik ki, aktyor olduğumuzu hiss edək.
-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində o vaxtdan bu günə kimi heçnə dəyişməyib?
Dəyişiklik olub. Ancaq mənfiyə doğru. Burada söhbət ümidsizlikdən getmir. Söhbət bucağı, münasibəti dəyişməkdən gedir. Məsələ burasındadır ki, təhsili yaratmalıyıq və bu təhsilin üzərindən əlimizi çəkməməliyik. Əslində, ən böyük müharibə indi baş verib. Müharibə təkcə səngərdə güllə atmaq demək deyil. Müharibə həm təhsildə, həm mədəniyyətdə, həm idmanda və digər sahələrdə olur. Əsl müharibə bax budur. Bu müharibədə kim daha çox hazırlıqlıdırsa, o da qalib gələcək.
“Amma onlar məni dinləmədilər və cəbhəyə getdilər. Onların cənazələrini qarşıladım”.
-Vaqif müəllim, sizin üçün vətənpərvərlik nədir?
Mən bu suala hazır deyiləm. Yəqin ki, bir ömür də bu suala hazır olmayacam. Amma bu sual həmişə veriləndə mənim yadıma rəhmətlik Məmməd Arazın “Mamır olub qayasında bitərdim” sətri düşür. Vətənin tərifi yoxdur. Əgər sən öz doğulduğun yerdə qəribsənsə, sənin üçün heç nəyin fərqi yoxdursa, sən vətəndaş deyilsən. Mən özümdən deyim ki, əgər mən öz doğulduğum yerə gedib kövrələ bilirəmsə, mən yaşayıram deməkdir. Oranı itirmək mənim üçün nəfəs borumun bağlanması deməkdir.
-Bəziləri deyir ki, insan vətənpərvər olduğunu qürbətdə olandan sonra daha yaxşı hiss edir. Siz bu fikirlə razısınızmı?
Kimsə müharibənin qızğın vaxtında restoran işlədir. Onun üçün vacib deyil, kim öldü, kim qaldı. Onun üçün restoranının işləməsi, daha çox adamın bura gəlməsi vacibdir. Düşünürəm ki, bu cür insanların da içində haradasa bir vətəndaşlıq hissi var. Həmin insan o zaman bunun fərqində olur ki, onun hansısa bir anında o vətəni olduğunu xatırlayır. Hər kəsin bir anı olur. Bax o anda hər şey öz həllini tapır. Kimisi üçün bu an daha tez olur, kimisi üçün isə daha gec. 90-cı illərdə mənim gözümün önündə baş verən hadisələr yadıma düşəndə hələ də o gəncləri xatırlayıram. Tələbələrimdən bir neçəsinə başa salmaq istədim ki, müharibəyə onların yaşına uyğun deyil . Amma onlar məni dinləmədilər və cəbhəyə getdilər. Onların cənazələrini qarşıladım. Belə bir gəncliyi necə unutmaq olar? Onlar mənim tələbələrimdir. Mən nə qədər yaşayıramsa, onlar da mənimlə birlikdə yaşayacaqlar. İnanmıram ki, mənim gəncim vətəninin düşmən ayağı altında əzilməsinə nə vaxtsa razı olar. Mən ölsəm də, buna inanmaram.
“Bazarda nar satmaqla müharibədə qalib gələ bilməyəcəyik”.
-Bu gün gənclərə vətənpərvərliyin nə olduğu yetərincə başa salırıqmı?
Bilirsiniz, bunu nə qədər ki şüarçılıqla, pafosla onlara bunu başa salırıq, onlar heç vaxt vətənpərvərliyin nə olduğunu bilməyəcəklər. Uşağa deyəndə ki, bu sənindi və yalnız sənin olacaq. Ona başa salsan ki, əgər sən sənə mənsub olan şeyə sahib çıxmasan, başqası gəlib sahib çıxacaq və onunla pis rəftar edəcək. Onda hər şey onun üçün aydın olar. Əgər biz onu qoruya bilmiriksə, demək ki, o heç vaxt bizim olmayıb. Biz də kimdənsə almışıq. Ancaq elə deyil. Bu vətən bizimdir. Onu biz qorumalıyıq. Bizim heç vaxt heç bir cəbhədə məğlub olmağa haqqımız yoxdur. Bu birmənalı şəkildə belədir. Azərbaycan xalqı çox qüdrətlidir. Bizim qüdrətli vətəndaşlarımız olub. Unutmaq lazım deyil ki, bizim Üzeyir bəyimiz, Mirzə Sabirimiz, Mirzə Cəlilimiz olub. Biz onları unuda bilmərik. Bizə onlar başa salıb ki, vətəni necə sevmək lazımdır. Özü də vətəni sevmək asan məsələ deyil. Bunun üçün savadın, biliyin çatmalıdır. Bazarda nar satmaqla müharibədə qalib gələ bilməyəcəyik. Müharibədə udan oturur şahmat taxtasının arxasında, vurur erməninin belini yerə. Bax odur mənim övladım. Mən onu heç vaxt öz övladımdan ayırmaram. Hansı sahə olur-olsun, bax həmin uşaqlar heç vaxt vətənini satmırlar. Onlara hətta çoxlu pullar verirlər ki, gəl mənim ölkəmin bayrağının altında şahmat oyna. O getmir. Ancaq gedəni var. O isə ağıllı adam deyil. Onun intellekti də, savadı da erməninin belini yerə vurandan qat-qat aşağıdır. Baxın Mübarizə. Heç demədi də gedirəm. Getdi, vurdu erməninin belini yerə. Mənim Vaqif adlı tələbəm var idi. O heç bilmirdi vətənpərvərlik nə olan şeydir. Ondan soruşanda deyirdi ki, nə bilim nədir. Amma qoydu sənətini, getdi cəbhəyə. Meyiti gəldi, şəhid oldu. Bu saat şəhidlər xiyabanında yatır. Bax odur vətənpərvər. Mən hər zaman demişəm. Vətənin özünün dili var. O dili bilmək lazımdır. O dil heç nəyə bənzəmir və heç kəsə oxşamır.
-Bəs bu dili kim bilir?
Bu dili ziyalılar bilir. Onlar bilirlər ki, vətənin dili nədir. Bir də əsl vətənpərvər insanlar. Mənim əlimdə olsa vətənpərvərliyə aid pafoslu verilişlər aparanların hamısına qadağa qoyaram. Aparmasınlar elə pafoslu şeyləri. Ona heç kim baxmır. Hamı çevirir kanalı. Qoy getsinlər vətənin dilini öyrənsinlər. Daha sonra veriliş aparsınlar. Yoxsa bu bizə xeyirdən çox ziyan verəcək.
Əfsələddin AĞALAROV