Rəşad Məcid Vaqif Bəhmənlinin töhmətlə nəticələnən şeirlərinin “525-ci qəzet”də necə dərc olunmasından danışır
“Həmin vaxt redaksiyada olsam, o şeirləri oxusam, deyərdim ki...”
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənlinin (Quliyev) nazir Əbülfəz Qarayevə həsr etdiyi şeirinə görə töhmət alması son günlərin ən çox müzakirə olunan mövzularındandır. Şeirin dərc edildiyi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bu mövzu ilə bağlı musavat.com-un suallarını cavablandırıb.
-Rəşad bəy, hekayə belədir ki, şair daha öncə bu şeiri nazirə oxusa da, sonuncu onu bəyənməyib və bunun üzə çıxarılmamasını istəyib. Amma Vaqif Bəhmənli bu günlərdə onu sizin qəzetinizdə dərc etdirib və beləcə məsələ böyüyüb. Şeiri dərc edəndə onunla bağlı daha öncə baş verənləri bilirdizmi?
-Biz Vaqif Bəhmənlinin şeirlərini hər zaman çap edirdik. Yubiley öncəsi də çap edirdik. Həmin gün də mən o şeirləri oxumamışdım. Onu müavinlərim oxuyublar. Həmin gün mən Saatlıda Əflatun Amaşovun seçicilərlə görüşündə idim. Ona görə də mən qəzet çıxandan sonra onu oxudum. Bəlkə də mən redaksiyada olsam, o şeirləri oxusam, Vaqif müəllimə deyərdim ki, Vaqif müəllim, ola bilsin ki, bu məsləhət deyil, bu şeiri verməyək. Amma Vaqif də onu məmur kimi yazmayıb ki, şair kimi yazıb. Şair, vətəndaş Bəhmənlinin vətəndaş Əbülfəs Qarayevə sevgisinin nümunəsi idi, onu göstərib. Uzun illərdir Vaqif Bəhmənli İdman və Gənclər Nazirliyində Əbülfəs Qarayevlə birgə işləyib. Mənə elə gəlir ki, bu gün Azərbaycan ictimaiyətinin bu qədər də bu şeiri ictimailəşdirməsi və şairi bu qədər küncə sıxması düzgün deyil, insafdan və ədalətdən sayılmır. Şairin yaşadığı həyata qarşı da hörmətsizlikdir. Ona görə də bütün bu kampaniyanı aparanları, xüsusən də bu saytları və sosial şəbəkədə hay-küy salanları qınayıram şiddətlə.
-Bu məsələdə “525-ci qəzet”in nüfuzuna hər hansı zərbə dəyibmi, sizcə? Çünki yazanla yanaşı, onu çap edən nəşrin də üzərinə məsuliyyət düşür...
-Bizim qəzetdə o qədər şeirlər çap olunub ki. Mədhiyyə şeirləri də, digər insanlar haqda şeirlər də çap olunub. Vaqif müəllimin elə şeirləri çap olunub ki, cəmiyyətdə birmənalı qarşılanmayıb. Ona görə də bu hadisəni “525-ci qəzeti”in çox gözəl piarı hesab edirəm. Arzu edirəm ki, davam eləsinlər. Bu həftə Musa Yaqubun da şeirlərini çap edəcəyik. Arzu edirəm ki, bütün o şeirsevənlər diqqətlə “525-ci qəzet”i izləsinlər.
-Hər halda bu, ilk nümunədir ki, bir mədhiyyəyə görə hansısa şair cəzalandırılır. Həm də şeirin ünvanlandığı şəxs tərəfidən... Sizcə, nəyə görə?
-Mənə elə gəlir ki, töhmət şeirə görə deyil. Sadəcə, problem şeirin ətrafında ürəkbulandırıcı ab-hava yaradan sosial şəbəkə istifadəçilərində, özünü qəhrəman sayan sayt rəhbərlərindədir. Bir şairin şeirinə görə onu bu qədər qınamaq, hesab edirəm ki, çox ədalətsiz bir işdir.