“Var-dövləti göstərəndə yox, millət üçün xərcləyəndə öyünərlər” – Aydın Mirzəzadə

“Var-dövləti göstərəndə yox, millət üçün xərcləyəndə öyünərlər” – Aydın Mirzəzadə
Bütün Xəbərlər
14:39 16.01.2015
1234
“Qoy Azərbaycanda milyonerlər, milyarderlər həddən artıq çox olsun. Amma yaşadığın dəbdəbəni cəmiyyətə görüntü olaraq göstərmək doğru deyil. 100 manata ehtiyacı olan insanlar da var..”
Bu sözləri millət vəkili Aydın Mirzəzadə AZXEBER.COM-a bəzi şəxslərin övladlarına yaşatdıqları dəbdəbəni ifrat şəkildə cəmiyyətə göstərməsinə münasibətini bildirərkən söyləyib:
“Təəssüf ki, belə hallar var. Mən də bu hallarla rastlaşıram. Uşaqları orta məktəblərə bahalı avtomobillərdə gətirirlər. Mən valideynləri başa düşürəm. Uşaq uzaq yoldan məktəbə gəlirsə və yaxud nəqliyyat gərginliyi olan yerdən keçirsə, bunu başa düşmək olar. Qoy uşaqlarını ailə maşınları ilə gətirsinlər. Amma azyaşlıları mühafizəçi, sürücü ilə gətirib-aparmağı, bunu cəmiyyətə görüntü kimi verməyi, azyaşlıları çox bahalı avtomobillərlə hərəkət etdirməyi məqbul hesab etmirəm. Ola bilsin ki, kiminsə çox imkanı var. Qoy Azərbaycanda milyonerlər, milyarderlər həddən artıq çox olsun. Azərbaycanlılar bahalı avtomobillərdə gəzsinlər. Amma bunu cəmiyyətə görüntü kimi göstərmək düzgün deyil. Çünki varlı ilə yanaşı cəmiyyətdə imkansız insanlar da yaşayır. Bu gün kimsə yüz minlik maşın alır, kiminsə isə təcili 100 manata ehtiyacı var. Hesab edirəm ki, o imkanlı insanlar övladlarının təhlükəsizliyinə, rahat gəzməsinə çalışdıqları kimi, cəmiyyətin digər təbəqələrini də düşünməlidirlər. Mən çox şad olardım eşidəm ki, övladlarını yüz minlik avtomobillərdə özəl məktəbə göndərən həmin o şəxslər orta məktəblərdən kasıb ailələrin övladlarının heç olmasa 5-10 nəfərini oğlu ilə bərabər həmin məktəbə qəbul etdirib onların təhsil haqlarını ödəyərdilər. Yaddan çıxartmayaq ki, bizim millətin Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Əsədullayev kimi soydaşlarımız olub. Hansılar ki, böyük sərvət sahibi olmaqla yanaşı, daima cəmiyyət üçün xeyirxah işlər görüblər. Bu baxımdan mən bir tərəfdən cəmiyyətin bir hissəsinin varlı olmasına sevinirəm və onların daha varlı olmasını arzulayıram. Amma hesab edirəm ki, var-dövləti göstərmək, övladını digərlərindən xüsusi olaraq seçdirmək, təcrid etmək məqbul sayılmır. Avropa, Qərb bu yolu bizdən bir neçə əsr əvvəl keçiblər. Hazırda orada özünün var-dövlətini göstərmək yox, əksinə, sərvətinin bir hissəsini cəmiyyət üçün xərcləmək vacib, böyük bir məsələ sayılır. Hər kəs bundan qürur duyur. Belələri Azərbaycanda da çoxdur. Mənim tanışlarımın içərisində belə hərəkət edən dəyərli azərbaycanlılar var. Amma istəyərdim ki, belə şəxslər daha çox olsun və kimsə bahalı mülk, əşya əldə edəndə, övladının təhsili, böyüməsi üçün böyük sərvətlər xərcləyəndə cəmiyyətin digər təbəqəsinin də olduğunu düşünsün. Var-dövləti göstərəndə yox, millət üçün xərcləyəndə öyünərlər”.
Mətanət
OXŞAR XƏBƏRLƏR