Jurnalist Könül Cəfərli sosial şəbəkələrdə "Velizar” adı ilə tanınan Salman Məmmədovun onun səhifələrini bağlatdırması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
"Velizar” adı ilə tanınan Salman Məmmədovun canlı yayımlardakı davranışlarını tənqid etdikdən sonra jurnalistin sosial şəbəkə səhifələri bağlanıb.
Könül Cəfərli qeyd edib ki, sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan şəxslər ictimai davranışlarına görə məsuliyyət daşımalı, media nümayəndələrinin tənqidinə hörmətlə yanaşmalıdırlar:
"Azərbaycan dünyəvi və suveren dövlətdir. Hər bir vətəndaş azad şəkildə öz şəxsi həyatını yaşaya, hətta cinsini dəyişə bilər. Lakin heç kəs ictimaiyyətə açıq platformalarda qeyri-etik, əxlaq normalarına zidd hərəkətlər nümayiş etdirə bilməz. Videoları yüz minlərlə kütlə tərəfindən izlənilən Salman Məmmədov bir dəfə həbs cəzası almağına rağmən hələ də sosial mediada qeyri-etik hərəkətlərindən əl çəkmir. İctimaiyyət tərəfindən hiddətlə qınanılan bu hal dəfələrlə təkrar edilir və ona qarşı heç bir tədbir görülmür.

Hətta bu cinsi azlıq onu tənqid edən mediaya dil uzatmaqdan, ələ salmaqdan, jurnalist səhifələrini bağlatmaqdan da çəkinmir. Halbuki, jurnalist ictimailəşmiş istənilən şəxs və hadisə haqqında danışa, yaza bilər".
Jurnalist qeyd edib ki, tənqid etdiyi üçün Salman Məmmədov onun səhifələrini bağlatdırıb:
"Velizarın canlı yayımlarda etdiyi ədəbsiz hərəkətlər hər gün mənim də qarşıma çıxır. Jurnalist olaraq, bir cinsi azlığın bu qədər sərbəst şəkildə yaşadığı həyat tərzini təbliğ etməyinə, on minlərlə insanın gözü önündə əxlaqa sığmayan hərəkətlərinə göz yuma bilmədim və tənqid etdim. Tənqid etdiyim üçün də Salman Məmmədov səhifələrimi bağlatdı. Halbuki, jurnalist səhifələrini sifarişlə bağlatmaq peşə fəaliyyətinə mane olmaq və təzyiq sayılır. Medianın IV hakimiyyət olduğunu nəzərə alsaq, Velizarın jurnalistə qarşı hörmətsiz rəftarı belə bir sual doğurur: bu şəxs kimə, yaxud da nəyə güvənir? Cəzasız qalmağın verdiyi cəsarətlə jurnalist səhifələrinə hücum etməyə, əxlaq normalarını aşmağa davam edəcəkmi?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdim və cavab gözləyirəm. Bunu tək özümə görə yox, həm də həmkarlarım üçün etdim. Bir gün onların da səhifələri tənqid etdikləri şəxslər tərəfindən hücuma məruz qalmasın deyə. Ümid edirəm ki, aidiyyatı dövlət qurumları tərəfindən bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək", - deyə Könül Cəfərli bildirib.











































