Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes ABŞ dollarının ölkədə rəsmi valyuta kimi tətbiq edilməsinə qarşı çıxıb.
Bu barədə Rodriqes Venesuela Ticarət və Sənaye Palataları və Assosiasiyaları Federasiyasının 82-ci illik toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin iqtisadi problemlərinin həlli dollarlaşmada deyil, milli valyutanın möhkəmləndirilməsindədir.
"Mənim uzun illərdir müdafiə etdiyim mövqe dəyişməyib. Venesuelanın problemlərini dollarlaşma həll etməyəcək. Çıxış yolu ticarət və maliyyə əməliyyatlarını təmin edəcək, ölkənin maliyyələşdirilməsinə zəmanət verəcək milli valyutanın gücləndirilməsidir”, – Rodriqes vurğulayıb.
O, milli valyuta olan bolivarın möhkəmləndirilməsinin və valyuta suverenliyinin qorunmasının iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Rodriqes, həmçinin xarici valyuta axınının sabitliyini təmin etmək məqsədilə beynəlxalq banklarla danışıqlar aparıldığını açıqlayıb.
Onun sözlərinə görə, əldə olunan xarici valyuta vəsaitləri ilk növbədə ölkənin istehsal sektorunun maliyyələşdirilməsinə yönəldilir.
///teleqraf///










































