Verdiyimiz nəzirlərdən yığılan milyonlar - O pulları kim, necə xərcləyir?

Verdiyimiz nəzirlərdən yığılan milyonlar  - O pulları kim, necə xərcləyir?
SOSİAL
12:22 31.01.2022
870
Xəbər verdiyimiz kimi, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

Bu, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliklə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcək.

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırılan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə ictimai müzakirə mövzusu olub. Müşahidələr göstərir ki, nəzir qutularına heç də az vəsait toplanmır.

Maraqlıdır ki, gün ərzində dolub-boşalan qutulardakı nəzirlər hansı sosial məqsədlər üçün istifadə edilib və ya edilməkdədir?

"Yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir”


AZXEBER.COM-a açıqlama verən ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, hər bir insan nəzir verə bilər. Bu nəzirlər isə, əvvəlcə məscidlərin daxili ehtiyaclarına, daha sonra ehtiyacı olanlara paylanılır:

"Nəzir anlayışı Quranda xüsusi qeyd olunub. Nəzirlərin ayələrdə də xüsusi yeri var. İnsan hər hansısa bir arzu etdikdən sonra və ya müəyyən vaxtda düşdüyü vəziyyətə görə nəzir etməklə xoş niyyətindən istifadə edir. İnsanlar hansısa bir xoş niyyəti ilə bağlı əhd edirlər və sonrasında nəzir verirlər. Nəzir dedikdə ağlımıza nəzir qutuları gəlir ki, bura insanlar müəyyən məbləğdə pullar iaənə edirlər. Bəzi insanlar düşünür ki, verdiyimiz pullar hara gedir? Amma insan gərək bunu düşünməsin, çünki bunun məsuliyyəti birbaşa o pulu sərf edənlərin üzərinə düşür. Bu pulu istifadə edənlər açıqlamalarında bildirir ki, məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları-kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur. Əgər yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir”.

İlahiyyatçı həmçinin Qafqaz Müsəlmanlar İdarəsinin məscidlərə pul ayıra biləcəyi mövzusuna da toxunub:

"Mənim fikrimcə, dövlət tərəfindən məscidlərə vəsait ayrılır. Qafqaz Müsəlmanları İdarəsində müəyyən büdcə var ki, bu da məscidlərin bütün xərclərinə kifayət edir. Mənəvi və ya maddi dəstək birbaşa İslam dininin çağırışıdır. Əgər məscidlərə güvən yoxdursa, insanlar başqa xeyriyyə fondlarına yardım edə bilərlər". 

"Bu, Azərbaycanda və bizə yaxın ölkələrdə uydurulmuş bir prosedurdur". 


Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa bəzi xarici ölkələrdə nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi barədə ictimaiyyətə şəffaf hesabatların verildiyini deyib: 

"Götürək Türkiyəni. Orada məscidlərdən yığılan ianələrə dövlət nəzarəti var. Belə ki, hansısa məscidə sədəqə verilən zaman ölkənin Maliyyə Nazirliyindən verilən nömrəli hesabat blanklarından istifadə olunur. Məscid nəzirin məbləğinə uyğun mədaxil qəbzi verir”.

Deputat həmçinin nəzir qutularından yığılan ianənin nəyə xərcləndiyi mövzusuna da toxunub:

"Azərbaycanın istənilən bölgəsinə səfər edərkən yol boyu quraşdırılan nəzir qutularına rast gəlmək olar. Təbii ki, nəzir qutuları pirlərin, məscidlərin həyətində də quraşdırılır. Hər gün minlərlə insan axını müşayiət olunan yerlərdə nəzir qutularına atılan məbləğ də azlıq təşkil etmir. Anlayırıq ki, nəzir, ianə dinə xas məsələlərdəndir. Amma quraşdırılan nəzir qutularının hansı mexanizmlə işlədiyini bilmirik. Yığılan pulların hara xərcləndiyindən də tam olaraq xəbərsizik. İslam dinində nəzir qutusu deyilən anlayış yoxdur. Bu, Azərbaycanda və bizə yaxın ölkələrdə uydurulmuş bir prosedurdur. Yüz illərdir insanların beyninə yeridilib, indi onu insanların beynindən çıxarmalıyıq. 2022-ci ildə vəziyyət bu cürdürsə, 2100-cü ildə də bu cür olmalıdır?! 2100-cü ilə də xalqı bu cəhalətlə daşımalıyıq?! Belə olmaz! Məscidə yardım etmək olar. Məscid inanc yeridir. İnsanlar gedib orada ibadət edirlər. Oranın təmiz saxlanılması, xalçasının salınması, təmizliyinə baxan işçisinin, ağacına su verən bağbanının ehtiyaclarının qarşılanması üçün hər məscidin icması var. İcma üzvləri gəlirlərindən könüllü şəkildə ianə edə bilərlər”.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR