"ASAN Xidmət” bu gün 8103 nömrəsinə göndərilən mesajlarla bağlı açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 494307 icazə qeydiyyata alınıb.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.
Qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında göndərilməsinə maneə törədir. Hər kəsi belə hallardan çəkinməyə çağırır və bildiririk ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər.
AZXEBER.COM-un məlumatına görə, 8103-ə gələn qeyri-ciddi mesajlar sosial şəbəkələrdə də yayımlanıb və birmənalı qarşılanmayıb.
Bu cür həssas dönəmdə bəzi vətəndaşların məsuliyyətsiz davranışları qınağa məruz qalıb.
Jurnalist Vüsal Məmmədov yazıb:
"8103 - bu, evdən çıxmaq üçün bəhanəni rəsmiləşdirməyin vasitəsi deyil. Ora ancaq ən zəruri hallarda SMS göndərmək lazımdır. Çünki siz qeyri-ciddi, zəruri olmayan müraciətlərlə sistemi yükləsəniz, həmin müraciətlərin emal olunması xeyli vaxt aparacaq və həqiqətən çörəyi, suyu qurtaran insanlar evdə ac-susuz qala bilərlər. Bunun günahkarı isə siz olacaqsınız. Ona görə də, ancaq həqiqətən zəruri hallarda 8103-ə SMS göndərməyin məsuliyyətini dərk etmək son dərəcə vacibdir. Dostlar, bir-birimizə kömək olaq, olmuruqsa, barı mane olmayaq”.
Jurnalist Hacıbəy Heydərli də həmin şəxsləri tənqid edib: "Belə etməyək, dostlar:
Bu gün icazə üçün 8103-ə 456 min SMS göndərilib, bunun 284 mini (62%-i) səhv göndərildiyi üçün təsdiq cavabı almayıb. Onların çoxu zarafat, qeyri-ciddi və ünvansiz mesajlar olub!!!
Nəzərə alaq ki, xəstə yanına gedənlər, ölüsü olanlar ola bilər. Zarafat bir nöqtəyə qədər gülməli olur...”.
Həmin mesajlardan bəzilərini təqdim edirik: