Dünən sosial şəbəkələrdə və xəbər saytlarında 1993-cü ilin aprelində Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı orada ətalelələri hələ də qaranlıq qalan əsirlərlə bağlı video yayılıb. Ermənilər tərəfindən çəkilən və montaj edildiyi şübhə doğurmayan video görüntüləridə əsir düşən yaşlı insanların ermənilərə yalvarması və Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar etməsi əks olunub. Görüntülərdə danışdırılan əsirlər məzlum, qorxaq insanlar kimi təqdim olunur ki, bu da çəkilişi aparanların maraqlarına xidmət etdiyini açıq göstərir.Videoda diqqəti çəkən məqamlardan biri də ermənilərin guya yaşlı qoca ilə qarısını sərbəst buraxdığı və onları yola saldığı görünür. Həmin ər- arvadın - Məmmədov Məmməd və Məmmədova Şura olduğunu müəyyən edilib. Hər iki şəxs Kəlbəcər rayon Zar kəndinin sakinləridir. Onlar rayonun işğalı zamanı ermənilər tərəfindən əsir götürülüb. Əsirlər arasında Zar kəndindən olan Allahverdi adlı yaşlı kişi və Həsənov İdris adlı daha bir nəfər də var.Qeyd edək ki, videodakı əsirlərin bir neçəsi sonradan Qırmızı Xaç Komitəsi tərəfindən gətirilsə də onların böyük əksəriyyətinin taleyi qaranlıq qaldı. Videoda ermənilərin guya sərbəst buraxıb, yola saldığı Məmmədov Məmməd və onun həyat yoldaşı Məmmədova Şuranın Gəncədə yaşayan qızı Almaz Məmmədova “Bizim Yol”a açıqlama verib. Almaz Məmmədova valideyinlərinin ermənilər tərəfindən sərbəst buraxılması barədə videoda göstərilənlərin yalan olduğunudeyib: “Əgər atamla-anam sərbəst buraxılıbsa, o zaman niyə gəlib çıxmadılar? Ermənilər sadəcə bu çəkilişi edib, sonra onları öldürüb.
Mən 1993-cü ildən bu yana valideyinlərimin yolunu gözləmişəm. Hansı məzarlığa gedirəmsə, orada gözüm atamla-anamı axtarıb. Mən valideyinlərimin bu videosunu görəndən bəri şokdayam. Sanki onlarla görüşdüm. 20 ildən sonra ilk dəfə onların üzünü gördüm. Dərdimi ancaq bayatılarda ifadə edirəm”. Almaz Məmmədova yazdığı bir bayatını da əməkdaşımıza söyləyir:
Doxsan üçün baharıBizə verdi qübarı...Axtarın tapın barı..Harda qaldı itkinlər?Zarda qaldı itkinlər?Kəlbəcər rayon Zar kənd icra nümayəndəsi İsmayıl Nəsibov da qəzetimizə açıqlamasında Məmmədov Məmmədin və Məmmədova Şuranın ermənilərin sərbəst buraxması barədə videodakı görüntüləri təkzib edib. İcra nümayəndəsi qeyd edib ki, hər iki şəxsin yaxınları, həmkəndliləri 20 ildir ki, onların taleyinin necə olduğunu göstərir: “Bizim kənddən bir neçə nəfər əsir düşmüşdü. Onların bəzilərinin öldürüldüyünü sonralar bildik. Ermənilər bu cür videolarla guya dünyada humanist olduqlarını göstərməyə çalışırlar. Onların Kəlbəcərdə, Xocalıda insanları necə soyqırım etmələrini dünya yaxşı bilir”.
Valideyini əsir qalan şəxslərdən biri də Yaşar Məmmədovdur. Yaşar Məmmədov Moderator.az saytına bildirib ki, 20 il keçməsinə baxmayaraq, erməni əsirliyində qalan valideyinindən heç bir xəbər yoxdur: “Bizim kəndimizdə bir neçə nəfər Qırmızı Xaçın xətti ilə gətirildi. Amma böyük əksəriyyəti ermənilər tərəfindən öldürüldü. Mən də bir çoxları kimi 20 ildir ki valideyinlərimin həsrətindəyəm”.