Sosial şəbəkədə vətəndaşlardan biri qapı-qapı gəzərək xidmət təklif edən şirkət əməkdaşlarından narazılığını ifadə edib.
AZXEBER.COM xəbər verir ki, vətəndaş təmizlik, xalça yuma və digər xidmətlər təklif edən şəxslərin yaşayış binalarında mənzillərin qapılarını yüksək səslə döydüyünü bildirib.
Onun sözlərinə görə, bu hal evdə tək olan övladının qorxmasına səbəb olub. Vətəndaş həmin şəxslərin digər qonşuların qapılarını da eyni şəkildə döydüyünü qeyd edib:
"Bu gün təmizlik və xalça yuması adı altında qapılara düşən əməkdaşlarınızın məsuliyyətsizliyi ucbatından evdə tək olan övladım vahimə içində qaldı. Qorxudan nə edəcəyini bilmədi. Bu necə bir iş prinsipidir? Bu necə bir özbaşınalıqdır? Öz xidmətinizi təklif etməyin də bir etikası, bir qaydası olar. İnsanların şəxsi məkanına, evinin sakitliyinə bu dərəcədə hörmətsizlik etmək, qapıları vahimə yaradacaq şəkildə döymək yolverilməzdir!”
Maraqlıdır, yaşayış binalarında qapı-qapı gəzərək xidmət təklif etmək qanunidirmi? Bu şəxslərin mənzil sakinlərini narahat edəcək şəkildə qapını dəfələrlə döyməsi və ya xidmət təklifindən imtina edildikdən sonra israr etməsi hansı hallarda hüquqi məsuliyyət yarada bilər?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, qapı-qapı gəzərək xidmət təklif etmək özlüyündə qanun pozuntusu hesab edilmir:
"Qanunsuz heç nə yoxdur. Şəxs qapı-qapı gəlib xidmət təklif edir. Heç kim sizi məcbur etmir ki, qapını açasınız. Qapını açmaya bilərsiniz və deyə bilərsiniz ki, bu xidmətə ehtiyacınız yoxdur. Burada qanunsuzluq yoxdur”.
Hüquqşünas qeyd edib ki, xidmət təklif edən şəxsin davranışı təhqir, təhdid və ya israrla narahat etmə xarakteri daşıyarsa, bu halda hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündür:
"Əgər həmin şəxs özünü başqa cür aparırsa, təhqir edirsə və sair hallarda polisə şikayət etmək olar. Məsələn, bir dəfə qapını döyüb xidmət təklif edir, siz də deyirsiniz ki, ehtiyacım yoxdur və o, çıxıb gedir. Bunda heç bir problem yoxdur. Hər kəs öz sahibkarlıq xidmətini başqalarına təklif edə bilər”.
Ə. Həsənov vurğulayıb ki, əsas hüquqi məhdudiyyət şəxsin yaşayış sahəsinə icazəsiz daxil olması ilə bağlıdır:
"Qanunla başqasının yaşayış sahəsinə qanunsuz daxil olmaq, yəni icazə olmadan və məhkəmə qərarı olmadan mənzilə girmək qadağandır. Amma gəlib qapını döyməkdə, xidmət təklif etməkdə özlüyündə heç bir qanunsuzluq yoxdur”.
Fəridə Əsədzadə











































