Xalçaçı qadınlar: “Bu layihə həm də böyük diqqət və qayğıdır”

Xalçaçı qadınlar: “Bu layihə həm də böyük diqqət və qayğıdır”
Bütün Xəbərlər
15:55 23.11.2015
677

Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində keçirilən növbəti tədbirdə Birliyin sədri Fatimət Ağamirzəyeva xanımlara layihənin donoru, məqsədi və əhəmiyyəti haqqında məlumat verib.

Tibb bacısı Sara Fərzəliyeva tədbir iştirakçıları olan xalçaçı qadınlara və gənc qızlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların: əllərinin və barmaqlarının qanamasının, ayaq ağrılarının, göz yorğunluğunun aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər. Peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Bundan başqa işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.

Sonra QHT sədri və tibb bacısı tərəfindən əllərin, qolların və göz yorğunluğunun aradan qaldırılması üçün məşq hərəkətləri nümayiş olunub və tədbir iştirakçıları ilə birlikdə idman hərəkətləri edilib.

Xalçaçı qadınların sağlamlığının qorunması məqsədilə keçirilən tədbirdə tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri təbdir iştirakçılarına paylanılıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.

Tədbirdə xalçaçı qadınlardan Firəngiz Abbasova, Asya Baxşıyeva, Gülnaz İsmayılova, Şahanə Şükürova və Aytac Mahmudova layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak edən xalçaçı qadınların adından Xalça Dünyası Assosiasiyası İctimai Birliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu layihənin həyata keçirilməsinə görə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, sözügedən layihənin icrası məhz onlara qarşı diqqət və qayğının göstəricisidir.

OXŞAR XƏBƏRLƏR