İranın ali lideri Müctəba Xamenei ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin Vaşinqtonun İrana qarşı düşmən münasibətini dəyişməyəcəyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Xamenei 1979-cu ildə ABŞ-nin Tehrandakı səfirliyinə hücumun ildönümü münasibətilə qeyd olunan "Qlobal imperializmə qarşı Milli Mübarizə Günü” ilə əlaqədar yazılı açıqlama yayıb.
O, ABŞ-nin İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etməyi hədəflədiyini bildirib. Xamenei düşmənə qarşı ən kiçik güzəştin belə müharibədə həlak olanların və xalqın fədakarlıqlarını boşa çıxaracağını vurğulayıb. Onun sözlərinə görə, bu cür güzəştlər qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlara cəsarətləndirə bilər.
ABŞ Prezidenti Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinə toxunan Xamenei bildirib ki, bu nəticələr Vaşinqtonun İrana qarşı siyasətinə təsir göstərməyəcək. O, ABŞ-nin davranışlarında dəyişiklik gözləyənlərin "dərin yanılğı içində” olduğunu söyləyib.
Xamenei, həmçinin, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibə nəticəsində Tehran hakimiyyətinin Hörmüz boğazına nəzarəti ələ aldığını və bölgədəki Amerika hərbi bazalarını "məhv etdiyini” iddia edib.
"Bu cür hücumlar təkrarlanarsa, İranın cavabı daha geniş miqyas alacaq”, – deyə o bildirib.
İran lideri bölgədə Tehranın dəstəklədiyi və "müqavimət cəbhəsi” adlandırdığı silahlı qruplaşmaların mövqeyini də yüksək qiymətləndirib.
Gülay











































