Millət vəkili Qənirə Paşayeva "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif edib. “Bu gün hamımız üçün ağır bir gündür. Düz 21-il əvvəl Kərkicahanın işğalı ilə Xankəndi tamamilə Ermənistanın işğalı altında qaldı və digər rayonların işğalı prosesi başladı”. AZXEBER.COM xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında keçirilən tədbirdəkı çıxışı zamanı söyləyib. Qənirə Paşayeva çıxışı zamanı bütün Azərbaycan gəncliyini dünyanın harasında doğulub yaşamasından asılı olmayaraq bu günü sosial şəbəkələrdə Xankəndi, Kərkicahan günü elan etməyə və virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Bu gün "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif edən millət vəkili Qənirə Paşayeva Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsinin Ermənistan tərəfindən işğal edilməsi, bu işğal zamanı Ermənistan tərəfindən törədilən vandalizm aktları, Xankəndinin tarixi barədə məlumatların müxtəlif dillərdə gənclər tərəfindən sosial şəbəkələrdə geniş şəkildə yayılmasını və öz xarici dostlarını bu materiallarla tanış etmələrinin vacibliyini qeyd etdi: "Mən bütün gəncliyi çağırıram ki, Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21 ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının" Xankəndinin, Kərkicahanın işğalı bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan və müxtəlif dillərə tərcümə olunan müraciətini beynəlxalq təşkilatlara, beynəlxalq qeyri hökumət təşkilatlarına, insan haqları təşkilatlarına, müxtəlif ölkələrin millət vəkillərinə, siyasətçilərinə, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göndərsinlər". Millət vəkili Qənirə Paşayeva dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını daha da fəal olmağa səslədi və türk diaspor təşkilatları ilə birgə əlaqəli şəkildə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.