“Xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram” - Prezident

“Xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram” - Prezident
SİYASƏT
23:03 26.11.2019
13901
Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.

Prezident İlham Əliyev bildirib: "Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: "Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.

Bizim xarici siyasətlə bağlı uğurlarımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən "Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: "Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü.

Ondan sonra MDB Zirvə Görüşündə, - o, "Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı "СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı "Смерть Шпионам”, "СмерШ”, yəni, "Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib