Bakının Xətai rayonu ərazisində, Ələddin Quliyev küçəsində evlərin bir qisminin söküntüsünə başlanıb. Sakinlər isə onlara verilən kompensasiyaların azlığından gileylənir. Mülkiyyət sahiblərinin sözlərinə görə, təxminən 30-35 ildir bu ərazidə 110-dan artıq ailə yaşayır. Evlərin söküntüsünə isə 4 il əvvəldən başlanıb. Söküntü işlərinə uzun müddət başlanılmasına baxmayaraq, adıçəkilən küçədən cəmi 10 ev sökülüb. Qalan evlərin isə yaxın gələcəkdə söküləcəyi gözlənilir. Bu da sakinlərin narahatlığına səbəb olub. Plana düşən ərazidə vaxtilə Yüngül Sənaye Texnikumu fəaliyyət göstərib. İki il əvvəl sökülmüş texnikumun yeri boş qaldığından oradan ancaq yol kimi istifadə olunur. Sakinlərdən biri Nahid Əliyev deyir ki, onlara 1300 manatdan kompensasiya təklif olunur: “110-dan çox ailə həyəcanla aqibətlərinin necə olacağını gözləyirlər. Xətai Rayon İcra Hakimiyyətindən bizə deyildi ki, 28 ev siyahıya alınıb. Ərazidən keçən yol qovşağının ikinci mərhələsinin tikintisi üçün siyahılaşdırılan evlərin söküntüsü nəzərdə tutulub. Nə qədər ərazi yola düşəcəksə, onu sökəcəklər”.