Xəzər İbrahim: “Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük” - VİDEO

SİYASƏT
17:45 14.07.2020
823
Ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, yeddi hərbçimizin şəhid olması və erməni tərəfinə layiqli cavab verilməsi ilə bağlı Türkiyənin "HaberGlobal” telekanalına müsahibə verib.

Azərbaycan səfiri bildirib ki, Ermənistanda nə zaman gərginlik müşahidə olunursa, onlar bu cür addımlara əl atırlar.

"Bu dəfə bir az fərqlidir. Hər kəs bilir ki, 30 ildir Azərbaycan torpaqları qanunsuz işğal altında saxlanılır və əksər hallarda həmin ərazilərdən təxribatlar törədirlər. Bu, Ermənistanın daxili siyasəti ilə bağlıdır. Bəlkə də, bu yolla bölgədəki başqa qüvvələrin də dəstəyini istəmiş ola bilərlər.

Hadisələr iki gün əvvəl başlayıb və biz hər gün vəziyyətin daha da pisləşdiyini, gərginləşdiyini görürük. Əlbəttə ki, Ermənistanın bu təxribatları cavabsız qalmır. Azərbaycanın doqquz bölgəsinin kəndlərindəki mülki əhaliyə qarşı Ermənistan tərəfindən atəş açılır. Prezidentimizin də söylədiyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı, intiqamları alındı.

Biz haqlıyıq, haqqın yolundayıq, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz bu məsələni həll edəcəyik və bunu diplomatik yollarla etmək istərdik. Öz insanlarını düşünsünlər, bundan öz insanları da zərər görər.

Bizim o bölgədə lazımi qədər silahlı qüvvəmiz var. Oradan Ermənistana cavab vermək qüdrətindəyik. Amma bizim cavabımızın bir məqsədi də vəziyyətin pisləşməməsidir. Ermənistan bizə qarşı işğal siyasətini aparır, torpaqlarımızı işğal edir, biz nə qədər cavab verməsək, vəziyyət də o qədər pisləşir. Biz cavab verəcəyik ki, vəziyyət bundan sonra pisə doğru getməsin. Azərbaycan bu günə qədər heç bir ölkənin torpaqlarını işğal etməyib”, - deyə, səfir bildirib.

Xəzər İbrahim həmçinin yaşananlara ATƏT-in Minsk Qrupunun münasibətindən də danışıb:
"ATƏT-in Minsk Qrupu var. Rusiya, ABŞ və Fransadan ibarətdir. Vəzifələri Azərbaycan torpaqlarını qorumaqdır. Bundan əlavə, BMT TŞ-nın daimi üzvləridir. Gözləntimiz ilk olaraq bu mövzu ilə bağlı öhdəlikləri olan ölkələrdir. Ancaq təəssüf ki, Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük. O da qardaş Türkiyədir. Türkiyə təkcə Azərbaycanın yanında olmadı, Türkiyə haqqın yanındadır, ancaq bəzi dövlətlər bunu yalnız qardaşlıq olaraq görür. Bizim çağırışımız Minsk Qrupunun digər üzvlərinədir.

Bu dövlətlər "sən işğalçısan” deyərək, təzyiq göstərməli, hüquqa uyğun şəkildə zəruri addımları atmalıdırlar.

İki tərəfi tərəzinin eyni gözünə qoymaq olmaz. Haqlı və haqsız eyni yerdə ola bilməz”.

Azərbaycanın Türkiyədəki səfiri köməklə bağlı istər azərbaycanlı, istərsə də türkiyəlilərdən səfirliyə müraciətlər daxil olduğunu bildirib:

"Biz iki gündür səfirlikdə 24 saat çalışırıq. Həm türk qardaşlarımız, həm də azərbaycanlılar buraya gələrək "nə edə bilərik?”, "döyüşməyə gedək, yoxsa maddi-mənəvi dəstək verək?” deyə soruşurlar.

2016-cı ildə də Ermənistan təxribat törətmiş və türkiyəli qardaşlarımızın dəstəyini görmüşdük. Ötən gün də hökumət, nazirlər, siyasi partiya təmsilçiləri Azərbaycanın yanında olduğunu göstərərək, bizi mütəəssir etdilər. Xüsusən, nazir Mövlud Çavuşoğlunun paylaşdığı videolar bizi çox mütəəssir etdi. Bizim yanımızdadırlar və bunu hər zaman hiss edirik.

Biz yalnız sülh üçün səy göstərdik, ancaq bizə qarşı bu cür şeylər edildiyində hər zaman cavab vermişik. Bunu davam etdirsələr, vəziyyətin daha da pisləşəcəyini görəcəyik.

Sadəcə, onların vicdanlı davranmasına ümid edir, onlar üzərində təsiri olan ölkələrin effektiv davranmasını gözləyirik. Haqlıyıq və bunu gizlətmirik, hər kəslə paylaşırıq. Azərbaycan xalqı, hökuməti birdir. Silahlı Qüvvələri hazırdır, heç kim narahat olmasın”.
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet