Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı

Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
SOSİAL
15:54 09.10.2026
93
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib ki, Xəzərin dayazlaşmasının hazırkı tendensiyası davam edərsə, nəticələr fəlakətli ola bilər. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki, son vaxtlar bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Akvatoriyanın əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb.

Cəmşid Bəxtiyar AZXEBER.COM-a açıqlamasında deyib ki, Xəzər dənizinin dayazlaşması ciddi problemdir:

"Xəzər dənizinin dayazlaşması ciddi problemdir. Amma onun qarşısını almaq asan məsələ deyil. Dənizin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb olur. Bu prosesin qarşısını almaq üçün ilk növbədə onun səbəbləri düzgün müəyyənləşdirilməlidir. Xəzəryanı ölkələr birgə fəaliyyət göstərməlidirlər. Ümumiyyətlə, bir ölkənin təkbaşına Xəzər hövzəsi miqyasında bu məsələni araşdırması və həll etməsi çox çətindir. Xəzərin dayazlaşması təkcə suyun həddindən artıq istifadəsi ilə bağlı deyil. İqlim dəyişikliyi, temperaturun yüksəlməsi, qlobal istiləşmə və buxarlanmanın artması, həmçinin yağıntıların miqdarının dəyişməsi və dənizə tökülən çayların gətirdiyi suyun azalması əsas amillərdəndir”.

O qeyd edib ki, Xəzərə tökülən çaylar onun əsas su mənbəyidir:

"Xəzərə tökülən çaylar onun əsas su mənbəyidir. Xəzərin su balansında Volqa çayı mühüm rol oynayır. Deyilənə görə, Xəzərə tökülən çayların ümumi suyunun 80 faizi Volqa çayının payına düşür. Buna görə də Volqa və digər çayların su rejimi qorunmalıdır. Xəzərə tökülən çaylardan, xüsusilə Volqa çayından su ehtiyatlarının istifadəsi əsaslı şəkildə tənzimlənməlidir. Bu, ümumi hesablamalar aparılmasını tələb edir: Xəzərin əvvəlki səviyyəsinin qorunması üçün nə qədər su lazım idi və indiki şəraitdə nə qədər suya ehtiyac var? Temperatur dəyişdiyi üçün Xəzərin səthindən buxarlanan suyun miqdarı əvvəlki illərlə müqayisədə xeyli artıb. Çaylardan həddindən artıq su götürülməsi və su ehtiyatlarının idarə olunması Xəzərə daxil olan suyun həcminə təsir göstərə bilər”.

Ekoloq bildirib ki, Xəzəryanı ölkələr çayların su rejiminin qorunması və su ehtiyatlarından səmərəli istifadə sahəsində əməkdaşlıq etməlidirlər:

"Rusiya, Azərbaycan və digər Xəzəryanı ölkələr çayların su rejiminin qorunması və su ehtiyatlarından səmərəli istifadə sahəsində əməkdaşlıq etməlidirlər. Xəzəryanı beş ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran - dənizin səviyyəsinin aşağı düşməsinə qarşı vahid regional fəaliyyət proqramı hazırlamalıdır. Proqramda su ehtiyatlarının qorunması, çaylardan su götürülməsinin tənzimlənməsi, ekoloji monitorinqin təşkili, sahil ərazilərinin mühafizəsi və tədbirlərin icrasına nəzarət mexanizmləri nəzərdə tutulmalıdır. Problemin miqyası ayrı-ayrı ölkələrin səyləri ilə həll olunmayacaq qədər böyükdür. Su ehtiyatlarından səmərəli istifadə də problemin həllinə kömək edə bilər. Xəzərə tökülən suların azalmasının səbəblərindən biri də su ehtiyatlarından istifadədir. Məsələn, xüsusilə Volqa çayı vasitəsilə Xəzərə gələn suyun miqdarı son illərdə kəskin azalıb. Bunun dəqiq rəqəmlərini demək üçün araşdırma və monitorinq aparmaq, göstəriciləri müqayisə etmək lazımdır”.

O söyləyib ki, kənd təsərrüfatında su itkilərini azaltmaq lazımdır:

"Kənd təsərrüfatında su itkilərini azaltmaq lazımdır. Xəzərə tökülən çaylarda və digər çaylarda köhnəlmiş suvarma kanalları yenilənməlidir. Damcı suvarma texnologiyasının tətbiqi və təmizlənmiş tullantı sularından təkrar istifadə genişləndirilməlidir. Bunlar Xəzərə tökülən suyun həcminə və su balansına təsir edə bilər, həmçinin ekosistemlərin qorunmasına kömək edər.
Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri iqlim şəraiti olduğuna görə, suya qənaət tədbirləri təkbaşına problemi həll etməyə kifayət etməz. Buna görə də digər tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Elmi tədqiqatların və monitorinqin gücləndirilməsi çox vacibdir. Xəzərin səviyyəsi, suyun temperaturu, buxarlanma, yağıntılar və çayların gətirdiyi suyun həcmi müntəzəm ölçülməlidir. Peyk müşahidələrindən və müasir hidroloji modellərdən istifadə etməklə gələcək dəyişikliklər proqnozlaşdırılmalıdır. Məlumatlar vahid məlumat sistemində toplanmalı, müxtəlif tədbirlərin səmərəliliyi qiymətləndirilməli və qərarlar elmi sübutlara əsaslanmalıdır. Tədbirlərə sahil ərazilərinin və oradakı canlı aləmin qorunması da daxil edilməlidir. Xəzərin səviyyəsinin aşağı düşməsi sahil bataqlıqlarının qurumasına, balıqların çoxalma sahələrinin azalmasına, quşların yaşayış yerlərinin dəyişməsinə və sahil infrastrukturunun zərər görməsinə səbəb ola bilər. Buna görə əsas ekosistemlər qorunmalı, balıq ehtiyatlarının vəziyyəti izlənməli, limanlar və digər sahil obyektləri dəyişən su səviyyəsinə uyğunlaşdırılmalıdır. İqlim dəyişikliklərinin təsirlərini azaltmaq istiqamətində görülən işlər də Xəzərin səviyyəsinin aşağı düşməsi meylinin qarşısını almağa kömək edə bilər. Bu tədbirlər problemin qarşısını tam ala bilməsə də, onun təsirini azalda bilər”. 

"Xəzərin dayazlaşmasının qarşısını almaq üçün regional tədbirlərlə yanaşı, qlobal istiləşməni sürətləndirən istixana qazı emissiyalarının azaldılması da nəzərdə tutulmalıdır. Yer səthində orta temperaturun yüksəlməsi buxarlanmanı artıra və dənizin su balansını dəyişə bilər. Xəzərin səviyyəsinin gələcəkdə necə dəyişəcəyi yağıntıların, çay axınlarının və digər iqlim amillərinin birgə təsirindən asılıdır. Bununla yanaşı, başqa su hövzələrindən Xəzərə su gətirilməsi məsələsini də araşdırmaq olar. Bəzən Xəzərin səviyyəsini yüksəltmək üçün başqa çaylardan və hövzələrdən su gətirilməsi təklif olunur. Məsələn, Rusiya ərazisində Volqa və Don çaylarını birləşdirən Volqa-Don kanalı mövcuddur. Don çayının suyunun Volqaya yönəldilməsi bu məsələdə müəyyən kömək göstərə bilər. Volqa yaxınlığından axan digər çayların və hövzələrin imkanları da nəzərdən keçirilə bilər. Xəzərə tökülməyən başqa hövzələrin suyunun dənizə yönləndirilməsi problemin təsirini əhəmiyyətli dərəcədə azalda bilər”,-deyə ekoloq vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
13:46 09.10.2026
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
13:43 09.10.2026
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
Yol polisi velosipedçilərə müraciət etdi
13:43 09.10.2026
Yol polisi velosipedçilərə müraciət etdi
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO
13:35 09.10.2026
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO