Xocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov doğma yurdunda dəfn olunub.
Salman Abbasov uzun illər həsrətini çəkdiyi doğma torpağında son mənzilə yola salınıb.
O, Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsir düşüb və ağır işgəncələrə məruz qalıb.
Salman Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.
Ləfxanım Mahmudova illər əvvəl atasının əsirlikdə yaşadığı dəhşətlərdən danışarkən bunları söyləyib:
"Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq”.
Ağır əsirlik günlərini geridə qoyan Salman Abbasov yaşadığı dəhşətləri ömrünün sonunadək unutmayıb.
Atasının dəfni Ləfxanım Mahmudova üçün daha bir ağır gün olsa da, Salman Abbasovun illərlə həsrətini çəkdiyi doğma Xocalıda torpağa tapşırılması ailəsi üçün təsəlli olub.
///lent.az










































