Yaşar Əliyev: “Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən mühüm tərəfdaşlarından biridir”

Yaşar Əliyev: “Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən mühüm tərəfdaşlarından biridir”
Bütün Xəbərlər
06:54 01.06.2011
1966

 

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevin AzərTAc-a müsahibəsi.

- Azərbaycan və ABŞ bu gün: Siz iki ölkə arasında münasibətləri necə səciyyələndirərdiniz?

- Mənim fikrimcə, Respublika Günü münasibətilə ABŞ Prezidenti Barak Obamanın və ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına ünvanlanmış təbriklərində Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə çox dəqiq qiymət verilib. Təbrik məktublarında vurğulanır ki, Birləşmiş Ştatlar Azərbaycanla qarşılıqlı maraqlara və hörmətə əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir. Hillari Klinton öz təbrikində regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi sahəsində Bakı ilə Vaşinqtonun səmərəli əməkdaşlığını qeyd edib, ABŞ-ın iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə sadiq olmasını vurğulayıb.

Ümumiyyətlə, son dövr ikitərəfli əlaqələrin və qarşılıqlı səfərlərin fəallaşması ilə əlamətdar olub. Məsələn, ABŞ dövlət katibinin müavini Tina Kaydanau Bakıda səfərdə olub, onu ölkəmizin Prezidenti İlham Əliyev və digər rəsmi şəxslər qəbul ediblər.

Elə həmin vaxtda Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, respublikaçı konqresmen Bill Şuster və demokrat konqresmen Kris Merfi başda olmaqla ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan paytaxtında səfərdə olub. Qonaqları Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin digər rəsmi şəxsləri qəbul ediblər. Görüşlərdə iki ölkə arasında münasibətlərin indiki vəziyyətindən başlamış regional təhlükəsizlik və energetika sahəsində əməkdaşlığa qədər məsələlər geniş müzakirə edilib. Konqresmenlər Əfqanıstanda sülhyaratma missiyasında Azərbaycanın iştirakını yüksək qiymətləndiriblər.

Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 18-dən 27-dək ABŞ-da səfərdə olub. Nazir Vaşinqtonda səmərəli danışıqlar apardıqdan sonra işgüzar səfərini Amerikanın qərb əyalətlərində davam etdirib. Bu səfər müddətində Azərbaycanın dövlət müəssisələri üçün lisenziyalı proqram təminatının alınması barədə “Microsoft” şirkəti ilə saziş imzalanıb. Azərbaycan bu sazişi bağlamaqla yerli informasiya texnologiyaları bazarında kontrafakt məhsullara qarşı mübarizəyə sadiq olmasını bir daha nümayiş etdirib.

Lap yaxın vaxtlarda Azərbaycan mədəniyyət ustalarının ABŞ-a səfəri uğurla başa çatıb. Onlar Hyuston, Los-Anceles, San-Fransisko və Vaşinqtonda Azərbaycan incəsənətini yüksək səviyyədə təmsil ediblər. Bu turnenin apofeozu Vaşinqtonda Ronald Reyqan mərkəzində təşkil edilmiş təntənəli konsert oldu.

İyun ayı da səfərlər baxımından intensiv olacaq. Ayın ilk günlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfər edəcək. Onun ABŞ dövlət katibi Hillari Klinton və Amerika Administrasiyasının digər nümayəndələri ilə danışıqları nəzərdə tutulur. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov ABŞ-ın Atlantika şurasında çıxış edəcək, ekspert birliyinin nümayəndələri ilə onun görüşləri olacaq.

Başqa istiqamətlər üzrə ikitərəfli tədbirlərin təşkili işi də davam etdirilir.

- Azərbaycan-Amerika ticari-iqtisadi münasibətləri haqda nə deyə bilərdiniz?

- Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biri olaraq qalır. 2010-cu ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,3 milyard ABŞ dollarına bərabər olub, Azərbaycan tərəfinin müsbət saldosu qeydə alınıb.

ABŞ ilə ölkəmizin ikitərəfli ticari-iqtisadi tərəfdaşlığı uğurla inkişaf edir, ənənəvi energetika sahəsinin hüdudlarından kənara çıxır. Son bir neçə ildə bu tərəfdaşlıq yeni-yeni istiqamətləri, o cümlədən yüksək texnologiyalar sahəsini əhatə edir. Bu baxımdan strateji əhəmiyyətli bir neçə layihəni qeyd etmək istərdim. Məsələn, “Boeing” şirkəti ilə təqribən 1 milyard ABŞ dolları məbləğində kontrakt imzalanıb. Bu kontrakt sayəsində Azərbaycanın mülki aviasiyasına yeni müasir avialaynerlər, o cümlədən müasir aviasiya sənayesinin bəzəyi sayılan məşhur “Dreamliner - Boeing-787” avialayneri əlavə olunacaq. Bu, bizim milli “Azərbaycan Hava Yolları” şirkətinin uçuş coğrafiyasını xeyli genişləndirməyə imkan verəcək.

Xüsusi qürur hissi doğuran daha bir nümunə göstərmək istərdim. Gələn il Azərbaycanın “Azərspeys” adlı ilk milli peyki buraxılacaq. Beləliklə, Azərbaycan dünyada öz peyki olan 11-ci ölkə olacaq. Həmin peyk bu sahənin liderlərindən biri - Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən hazırlanır.

Bundan əlavə, Azərbaycan Neft Fondunun aktivlərinin 12 faizi, yəni təqribən 3 milyard dollar ABŞ-ın qiymətli kağızlar bazarında yerləşdiriləcək.

Bütün bunlar iqtisadi və maliyyə sahəsində qarşılıqlı əlaqələrimizin çoxvektorlu olmasına dəlalət edir.

Amerikalılar praqmatik adamlardır. Əlbəttə, onlar heç bir işi havayı görmürlər. Bu, ilk növbədə birbaşa gəlir deməkdir. Lakin qeyd edilməli başqa məqamlar da var. Azərbaycanla ABŞ arasında yuxarıda adını çəkdiyim iki müqavilə ABŞ-da 12,5 min işi yerini təmin edəcək. İşsizliyin yüksək səviyyədə olduğu bir vaxtda bu, çox aktual məsələdir. Prezident Obamanın administrasiyası işsizlik səviyyəsinin azaldılması məsələsinə birinci dərəcəli əhəmiyyət verir.

Bu sazişlərin faydalı olması aşkardır. Lakin siz elə bilirsiniz, Amerikada bu layihələri hamı dəstəkləyir? KİV-lərdə belə bir informasiya yayılıb ki, ABŞ-dakı erməni lobbisi Azərbaycan peykinin yaradılmasına isterik tərzdə etiraz edir. Biz belə halları çox görmüşük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əleyhinə də bu cür isterika təşkil edilmişdi. O vaxt daha nələr demirdilər - Azərbaycanda neft yoxdur, təbiəti məhv edirlər və sair və ilaxır. Lakin BTC kəməri tikildi, istifadəyə verildi və indi uğurla fəaliyyət göstərir, hər il Xəzər sahillərindən qərb bazarlarına 1 milyon barrel neft nəql edilir.

Bütövlükdə erməni lobbisi güclü, mütəşəkkil və maliyyə baxımından təmin edilmiş qurumdur. Lakin zaman onların ziyanına işləyir, çünki ermənilərin bütün pozucu fəaliyyətinə rəğmən, Azərbaycan sürətlə inkişaf edir, modernləşir, inamla irəliləyir. Təbii ki, bunlar ermənilərin ABŞ-dakı lobbi təşkilatlarının xoşuna gəlmir, lakin tarixin gedişini dayandırmaq mümkün deyil. Şərqdə məşhur bir məsəldə deyildiyi kimi: İt hürər, karvan keçər.

- “Eurovision” mahnı müsabiqəsində Azərbaycan duetinin qələbəsinə Amerikada münasibət necə oldu?

-İlk növbədə öz vəziyyətimizi qeyd etmək istərdim. Qələbəmizə görə sevincimizin və fəxrimizin həddi-hüdudu yox idi! Bu qələbə xəbəri yayılanda Vaşinqtonda axşam saat yeddinin yarısı idi. Səsvermənin nəticələri elan edilərkən biz gözlərimizi kompyuterlərin displeyinə zilləmişdik, bizim duetin qələbəyə necə yaxınlaşmasını həyəcanla izləyirdik. Ertəsi gün bu möhtəşəm nailiyyətdən ruhlanaraq səfirliyin press-relizini bir qədər qeyri-adi sərlövhə ilə yaymışdıq: “Azərbaycan Avropanı fəth edir”. Nəticə qələbənin özünə layiqdir. Amerikanın 171 KİV orqanı, o cümlədən bütün 50 ştatın ərazisində fəaliyyət göstərən 142 teleşirkət bizim press-relizi dərc etdi. Onların arasında ABC, CBS, NBC, Fox və digər məşhur kanallar vardı.

Eldar-Nigar duetinin qələbəsi Amerikada bizim ölkəyə çox böyük maraq doğurmuşdur. Bəzi KİV-lər qeyd ediblər ki, müsabiqədən sonrakı ilk günlərdə internetin axtarış sistemlərində Azərbaycan haqqında yeddi milyondan çox sorğu olub.

Həmkarlarımızdan, Azərbaycanın tərəfdaşlarından, dostlarından, hətta Dövlət Departamentinin, Pentaqonun və ABŞ-ın digər dövlət müəssisələrinin yüksək vəzifəli əməkdaşlarından səfirliyə külli miqdarda təbriklər daxil olub, bizə ən xoş arzularını bildiriblər. 2012-ci ilin may ayında Bakı Avropanın mahnı və gənclik paytaxtı olacaq. Bununla əlaqədar hamı bizim qürurumuza və sevincimizə qoşulur.

OXŞAR XƏBƏRLƏR