Bu gün bəzi müxalifət partiyalarının rəhbərlərinin, həmçinin aksiya təşkilatçılarının BŞBPİ-nə dəvət edilərək onlara xəbərdarlıq edildiyini qeyd edən Y. Əliyev razılaşdırılmamış aksiyaların keçirilməsinin qanun pozuntusu olduğunu bildirib: “Müxalifət partiyalarına mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yer ayrılıb. Biz onlara xəbərdarlıq etdik, bildirdik ki, qanun pozuntusuna yol verməsinlər. Onlar ayrılmış yerdə aksiya keçirə bilərlər. Əks halda, qanunu pozaraq Bakının mərkəzi küçələrində ictimai asayişi pozmağa cəhd göstərsələr, qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.
Y. Əliyev müxalifət partiyalarına yarana biləcək qarşıdurma ilə bağlı da xəbərdarlıq edildiyini qeyd edib: “Bir daha deyirəm, onlar istədikləri yerdə aksiya keçirə bilməyəcəklər. Biz tədbirimizi görmüşük. Birmənalı olaraq bildirirəm ki, onlar heç həmin əraziyə buraxılmayacaqlar. Qarşıdurma yaranarsa, buna görə məsuliyyəti mitinqin təşkilatçıları və aksiya iştirakçıları daşıyacaq”.