Yalçın Rəfiyev “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Yalçın Rəfiyev “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü
SOSİAL
17:58 25.08.2026
135

Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV "Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.


 AZXEBER.COM xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, nazirliyin əməkdaşları, proqramın əvvəlki illərdə məzunları və hazırkı iştirakçıları iştirak ediblər.


Görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyi və xarici siyasət qərarlarının formalaşmasına təsir edən amillər barədə danışıb.


Müzakirələrdə güclü dövlət anlayışı, iqtisadi və hərbi potensialın dövlətin gücündə rolu, eləcə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə toxunulub.


İştirakçıların xarici siyasətin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətlə bağlı sualları cavablandırılıb.

Görüşdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, "Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramı 102 gənc uğurla başa vurub.


IV proqram çərçivəsində isə 53 gənc Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumları, regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etmək hüququ qazanıb.

OXŞAR XƏBƏRLƏR