‘Yalnız ‘Xoca’ Biləcəridən o yana çıxdı’ - Mir Şahin

‘Yalnız ‘Xoca’ Biləcəridən o yana çıxdı’ -  Mir Şahin
MEDİA
01:00 06.05.2013
1583

Ola bilsin ki, bizim “Xoca”dan belə tez-tez danışmağımız, onun planetin müxtəlif şəhərlərində nümayiş etdirilməsi barədə az qala hər ay hesabat verməyimiz kimlərəsə qəribə görünür. Amma inanın ki, bu filmi “Bakıfilm” yox, hər hansı bir başqa yerli kinostudiya çəksəydi belə, biz onun barəsində yenə belə ürəklə danışacaqdıq, çünki “Xoca” bütünlükdə Azərbaycan mədəniyyətinin və mənəviyyatının mülkiyyətidir. Amma bəzi məsələlər də var ki, məndən ötrü sonadək anlaşılmazdır: məsələn mən qətiyyən anlamıram ki, niyə “Xoca” filmi barədə biz əsasən əcnəbi kinomütəxəssislərin müsbət rəylərini eşidirik? Baxmayaraq ki, film hər bir azərbaycanlının dərisinə toxunan, iliyinə işləyən Xocalı soyqırımı mövzusunda çəkilib. Deməli təkcə elə bu fakt bizim dost-doğma azərbaycanlılarımızı bir Böyük Dərdin başına yığa, Avropanın iri şəhərlərini ayaqda saxlayan bu ekran işinin sayəsində göz yaşı tökən yadelli və yaddillilərin Azərbaycan səmtinə çevrilməsindən faydalana bilərdi. Bəlkə də hadisələrin içində olan, necə deyərlər Xocalı faciəsi zamanı döyüşənlər yox, toy edənlər tərəfdə yerləşən tamaşaçılarımıza mənim mətləb üstünə niyə belə uzaqdan gəlməyimin səbəbləri bir az qaranlıq qalır, amma bu yaxınlarda Milli Televiziya Şurasında keçirilən toplantıda aldığım təəssüratdan sonra belə qənaətə gəldim ki, mövcud problem bizim təvazökar görünmək istəyimizdən qat-qat vacibdir. Televiziya fəaliyyəti ilə məşğul olan bütün həmkar və dostlarımızın çəkdiyi əziyyətə, bağır basıb hətta baş əysəm də, “Xoca” filmini tamamilə ayrı bir mərtəbəyə qoyuram. Kino estetikasının yüksək tələblərinə uyğun olaraq çəkilmiş bu filmi Dövlət Vəsaitindən Məsuliyyət və Diqqətcilliklə istifadənin örnəyi hesab edir və elə bilirəm ki, burada hər bir vicdanlı kəs mənimlə razılaşar. Çünki dövlət başçısının ayırdığı vəsait hesabına çəkilmiş filmlər arasında yalnız “Xoca” Biləcəridən o yana çıxdı. Kino cahiliyyəsinin bütün məzəmmət və qısqanclığına baxmayaraq, etiraf etməliyik ki, yalnız bu film festivallara çıxdı, Avropanın demək olar ki, bütün aparıcı şəhərlərində nümayiş olundu, özü də azərbaycandilli tamaşaçılar üçün yox, sırf yerlilər üçün və onların öz dilində. Bir daha xatırladıram: hər bir telekanal öz imkanları çərçivəsində hansısa işlər gördü və təbii ki, bu işlər hörmətə, diqqətə və qiymətə layiqdir, amma “Xoca” filminin yeri ayrıdır, o tamamilə ayrı missiya yerinə yetirirdi. Şişirtmədən deyə bilərik ki, Vahid Mustafayevin “Xoca” filmi Xocalı faciəsinin bu ilki anım mərasimlərində dövlətimizin əsas silahlarından biri idi. Hörmətli tamaşaçılarımız, bura Londondur, dünyanın ən tələbkar kino tamaşaçısına malik dövlətin paytaxtı, məşhur “Warner Brothers”, “Harry Potter studio Tour” kimi kinoindustriya əjdahalarının yerləşdiyi şəhər. Bu isə “Xoca” filminə baxan ingilis tamaşaçılarıdır. Onların arasında adi vətəndaş da var, Britaniya Parlamentinin lordu Con Linder kimi ali vətəndaş da. “Bu gün baxdın, sabah unutdun” tipli kinolardan deyil. İnsanda yaxşı təəsürat oyadır. Bu elə filmlərdəndir ki, cavab verməkdən çox insanda suallar yaradır. Filmi, filmin keyfiyyətini bəyəndim. Çox heyran qaldım. Çox güclü və emosional filmdir”, – deyə Lordlar Palatasının üzvü qeyd edib. Amma onları birləşdirən ortaq təəssüratdır. Yəqin ki, bu şəxsləri zorla və ya xoşla “Xoca”nı təriflətdiyimizi güman edən axmaq tapılmaz. Bir daha xatırladırıq: Əzizlərim, bura Londondur, Britaniya! O London ki, xüsusilə son zamanlar Azərbaycanın adını daha çox neqativ məsələlərlə bağlı hallandırır. London olimpiadası zamanı başımızın çəkdiklərini xatırlayın. “Xoca” filmi də Azərbaycana məxsusdur. Deməli, bu məhsula da ingilislər dördgözlə baxacaqdılar və baxdılar da. Amma onlar da ingilis kimi baxıb, azərbaycanlı kimi ağladılar. Tamaşaçılar müxtəlif dil, din və millət daşıyıcılığının fövqünə qalxdılar. Ortada Yer kürəsinin vətəndaşı var idi, sadəcə insan var idi. “Açıq-aydın deyə bilərəm ki, çox güclü filmdir. Mən özüm Azərbaycanda olmuşam. Münaqişədən, müharibədən, Xocalı faciəsindən kifayət qədər məlumatım var. Bu film bir növ həmin hadisələri yenidən canlandırdı. Çox təsirli oldu. Bu haqda oxusan adama bu film qədər təsir edə bilməz”, – deyə ingilis politoloq Lionel Zetter bildirib. Amma onların hər ikisi bu dəqiqələrdə sadəcə insandır. Nə ingilis, nə də azərbaycanlı, sadəcə adam. İndi isə yenidən qayıdıram Teleradio Şurasındakı toplantıya. Məncə, burada prezidentin ayırdığı vəsaitin necə xərclənməsi ilə bağlı danışılanlarda özünü tam doğrultmayan bir balanslaşdırma meyli, hamıya eyni tərzdə yanaşma cəhdi var idi. Sanki ortada birini fərqlənldirsək, digərinin xətrinə dəyərik ovqatı var idi. Bax elə buna görə də mən bu gün yenidən “Xoca”ya qayıtdım. Və təvazökarlıqdan uzaq görünə biləcəyimdən qorxmadan inandığım doğruları söylədim. Şəxsən mən belə hesab edirəm. Və tək mən yox, çoxlu türk də belə hesab edir… Çoxlu ərəb belə hesab edir… Çoxlu rus belə hesab edir… Çoxlu iranlı belə hesab edir… Çoxlu ingilis belə hesab edir… Və sair və sair və sair… Hər dəfə Vahid bu insanlara, ərəbə, ingilisə, rusa, almana bu fikri dedizdirir: “İndi sənsən Xocalı!!!” Məncə, az deyil. Və hansı vəsaitə??? Məncə, bu boyda cavab üçün çox deyil! Xocalı faciəsini dünyaya Milli Qəhrəman Çingiz Mustafayev təqdim edib. Xocalı faciəsini dünyaya bədii film halında Çingizin qardaşı Vahid Mustafayev təqdim edib. Bu intervünü isə Çingiz Mustafayevin oğlu Fuad alır… Bəs bilirsiniz bütün bunlar nə deməkdir? O deməkdir ki, doğrudan da bizik Xocalı! Mir Şahin

ANSPRESS

OXŞAR XƏBƏRLƏR