YAP: 'Cəmiyyət artıq müxalifətin aksiyalarına şou kimi baxır'
Bütün Xəbərlər
12:34 11.12.2012
884
Müxalifətin kiçik bir hissəsinin çox az bir qüvvə ilə dünən Beynəlxalq İnsan Hüquqları günündə Fəvvarələr bağında aksiya keçirtməyə cəhd göstərməsi qanunsuzluq idi. AZXEBER.COM xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, hər şey qanuna hörmətdən başlayır və kimliyindən asılı olmayaraq hər kəs qanunlara, konstitusiyaya hörmət etməyi və qanunun aliliyi prinsipini rəhbər tutmağı bacarmalıdır. Əli Əhmədov bildirib ki, artıq qanunların pozulması və onlara hörmətsizlik göstərilməsi kimi “vərdişlər”dən əl çəkmək lazımdır. “Dünənki “aksiya”ya da cəhd çox məhdud sayda sosial bazaya malik olan müxalifətin radikal qanadının qanunlara və konstitusiyaya hörmətsizliyinin nümayişi idi. Özünüz də müşahidə aparsanız görərsiniz ki, dünənki aksiyada insanların sayı həddindən artıq az idi. Onlar ancaq həmin müxalifət partiyalarının üzvləri və onların yaxınları idi. Cəmiyyətdən onların “aksiyası”na heç bir ciddi dəstək yox idi” – deyə, Ə.Əhmədov vurğulayıb. Ümumiyyətlə, cəmiyyətin artıq radikal müxalifətin bu cür qanunsuz aksiyalarından bezdiyini və yorulduğunu söyləyən YAP icra katibi sözlərinə əlavə edib ki, insanlar bu “aksiyalar”a bir şou kimi yanaşırlar.