Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Bakıdan Avropaya yola çıxan və 10 000 kilometr məsafəni motosikillə qət edən “Harley Davidson”un Bakı klubunun üzvləri ilə görüşüb.
Əli Əhmədov bu aksiyanı Heydər Əliyevin tarixi xidmətlərinə, Azərbaycan xalqının həyatında oynadığı rola verilən qiymət kimi dəyərləndirib. ANS Şirkətlər Qrupunun belə bir təşəbbüsünü yüksək qiymətləndirən Əli Əhmədov deyib ki, bu qədər böyük bir məsafə qət etmək böyük uğurdur. “Siz böyük şücaət və fədakarlıq nümayiş etdirmisiniz. Əvvəlcədən çoxlu sayda çətinliklər ola biləcəyini bilirdiniz və Heydər Əliyevin yolunda belə çətinlikləri gözə aldınız. Mən bunu alqışlayıram”.
Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev aksiya çərçivəsində 8 ölkədə olduqlarını bildirib. O qeyd edib ki, bu aksiyanın mahiyyəti qurtuluşun mahiyyətini təbliğ etmək və Azərbaycanı tanıtmaq idi. V.Mustafayev artıq Avropada Azərbaycanın yaxşı tannıdığını vurğulayıb. Görüşün sonunda Əli Əhmədov yürüş iştirakçılarına Heydər Əliyevə həsr olunmuş kitab hədiyyə edib.



