YAP gənclər təşkilatları rəhbərlərinin toplantısı keçirilib
Bütün Xəbərlər
09:46 12.04.2011
2327
YAP Gənclər Birliyinin yeni tərkibinin bu ilin yanvar ayında keçirilən konfransda formalaşdığını deyən Ə.Əhmədov çıxışında bildirib ki, gənclər Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etməlidir. O, YAP-ın gənclərin ictimai-siyasi fəallığı üçün geniş meydan açdığını deyib. Partiya üzvlərinin 40 faizinin gənclər olduğunu bildirən YAP icra katibi bildirib ki, gənclərin potensialından ölkənin inkişafı, ölkədə həyata keçirilən prezident siyasətinin dəstəklənməsi üçün səmərəli şəkildə istifadə edilə bilər.
Gənclərin YAP-da böyük qüvvə olduğunu deyən Ə.Əhmədov sevindirici məqamın heç də onların sayı ilə deyil, onların vətənpərvərliyi, intellektuallığı ilə bağlı olduğunu bildirib. Partiyanın gənclərə geniş imkanlar yaratdığını söyləyən icra katibi bildirib ki, bələdiyyələr onların ictimai-siyasi fəallığının yüksəlməsi üçün yaxşı şansdır: “Ümid edirik ki, gənclər təkcə bələdiyyələr deyil, daha böyük miqyasda özlərinin tanıda bilsinlər. Azərbaycanın gələcəkdə idarə olunmasında bugünkü gənclər iştirak edəcək. Sevindirici haldır ki, bu hazırlıq mərhələsini gənclər Yeni Azərbaycan Partiyası sıralarında keçir”.
Azərbaycanın inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu deyən Ə.Əhmədov bildirib ki, reallıqların təhrif edilməsi, imicinin aşağı salınmasına qarşı mübarizə aparılmalıdır. O, iqtisadi inkişaf üçün sabitliyin böyük önəm daşıdığını qeyd edib: “1990-cı illərin əvvəllərinə nəzər salaq. Həmin təlatümlü illərdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Hər bir insanın düşüncəsi özünün və ailəsinin təhlükəsizliyini qorumaqdan, çörək tapmaqdan kənara çıxmırdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra sabitlik əldə olundu və inkişaf başladı. İndi insanların xəyalları artıb. Əgər bu sabitlik olmasa dövlət enerjisini, potensialını sabitliyin təmin olunmasına sərf edər”.