YAP GB 'Mən Qarabağam!' layihəsinə start verdi - VİDEO

GƏNCLİK
18:45 08.05.2013
1612

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir. AZXEBER.COM-un məlumatına görə, bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir. Ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Qarabağın incisi Şuşa şəhərinin dağıdılması və əhalisinin didərgin salınmasıdır. SİA-nın məlumatına görə, bu münasibətlə YAP GB gənclərimizin təmsil olunduğu müxtəlif təşkilatların və ayrıca şəxslərin də dəstəyi ilə “Mən Qarabağam!” layihəsinə start verilib.

İlk olaraq çıxış edən Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva vurğulayıb ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir: “Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında isə gənclərin rolu əvəzsizdir”.

Daha sonra layihə haqqında məlumat verən YAP GB-nin ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, ideyanın müəllifi Rəhim Davudov, koordinatoru isə Kamran Əliyevdir: “Layihə çərçivəsində hazırlanan və tarixi Azərbaycan torpaqlarının işğal faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən video parçalar nümayiş etdirilib və bu videolar internetdə də yayımlanıb. Bu layihənin birinci video-çarxı Şuşaya həsr edilib. “Mən Şuşayam!” video- çarxında 20-dən artıq ölkədə çəkilən videoolar nümayiş etdirilib”.

S. Balaxan onu da qeyd edib ki, Şuşanın ermənilər tərəfindən işğal olunmasının 21-ci ildönümü ilə əlaqədar hazırlanan ilk layihə davamlı olaraq digər rayonlarımızın işğal günlərində də həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, layihənin təqdimatından sonra gənclər “Dolu” filminə baxıblar.

Qeyd edək ki, filmi izlədikdən sonra gənclər Şuşada vandal ermənilər tərəfindən güllələnən Üzeyir Hacıbəylinin, Xan qızı Natavanın, Bülbülün Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin həyətində yerləşən heykəllərini ziyarət ediblər.

OXŞAR XƏBƏRLƏR