YAP Gənclər Birliyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində email aksiyasına start verib.
Azərbaycanda Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, aksiyalar və kompaniyalar keçirilməkdədir.
YAP Gənclər Birliyi bununla bağlı ötən il də kampaniya təşkil etmişdi.
Lakin bu il biz ötən ildəkindən fərqli formatda bir kampaniya keçiririk. Bu da “Xocalıya ədalət” kampaniyası adlanır.
Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırılan email aksiyasında deyib.
S.Orucov vurğulayıb ki, bu gün artıq bir çox ölkələrdə Xocalı soyqırımını qəbul edən sənəd imzalanır.
“Təbii ki, bu da ölkə başçısının bu məsələyə olan dərin diqqət və qayğısı nəticəsində daha da güclənir. Bu gün Heydər Əliyev Fondu da bu cür məsələlərin bütün dünyaya çatdırılması üçün əlindən gələni edir. Ağ evin saytında olan petisiyalara 100 min səsin toplanması ilə Azərbaycan bir daha özünün bu məsələdə nə qədər maraqlı olduğunu sübut etdi”.
Daha sonra Birlik sədri aksiya haqqında məlumat verərək deyib ki, aksiyada partiyanın bütün rayon və şəhər təşkilatının Gənclər Birliklərinin üzvləri iştirak edəcək.
“Öncədən hazırlanmış ingilis dilində olan müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndəriləcək”.
S.Orucov vurğulayıb ki, müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırım kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib.
“Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün köməklik göstərmələri xahiş olunub”.
Daha sonra Xocalı soyqırımını əks etdirən qısametrajlı film nümayiş etdirilib. Bundan sonra isə YAP Gənclər Birliyinin üzvü olan gənclər öz aksiyalarına start veriblər.
Qeyd edək ki, aksiya fevralın sonunadək davam edəcək.