YAP Göygöl rayon təşkilatının XII konfransı keçirildi - Fotolar

YAP Göygöl rayon təşkilatının XII konfransı keçirildi - Fotolar
SOSİAL
20:26 09.09.2026
57
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Göygöl rayonunda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq istiqamətində mühüm layihələr həyata keçirildiyini vurğulayaraq YAP rayon təşkilatının bu proseslərdə fəal iştirak etdiyini qeyd edib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolu partiyanın yüksək nüfuza malik olduğunu təsdiqləyir. Ötən müddət ərzində Partiyanın təşkilati potensialı daha da güclənmiş, cəmiyyətdə nüfuzu və siyasi çəkisi əhəmiyyətli dərəcədə artmışdır.

Milli Məclisin deputatı Kamran Bayramov çıxışında qeyd edib ki, müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə söz sahibi olan, dinamik inkişaf edən qüdrətli bir dövlət kimi nüfuzunu gündən-günə artırır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və ideoloji işin müasir standartlar səviyyəsində qurulması baxımından mühüm dönəm olmuşdur.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, YAP Göygöl rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət ümumilikdə müsbət dəyərləndirilir. Qeyd olunub ki, ərazi partiya təşkilatları ilə işin əlaqələndirilməsi, üzvlərin fəallığının artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir.

YAP Gənclər birliyinin üzvü Fərid Dünyamalıyev, "Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi” ərazi partiya təşkilatının sədri, Göygöl Rayon Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva və digər natiqlər çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni mərhələdə uğurla davam etdirildiyini, gənclərin, ziyalıların və müxtəlif peşə sahiblərinin partiya sıralarında fəallığının daha da artdığını qeyd ediblər.

Konfransda YAP Göygöl rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR