Evlilik bir çox insan üçün həyatın müəyyən mərhələsində əsas məqsədlərdən biri hesab olunur.
Lakin yaş artdıqca insanın evliliyə münasibətinin dəyişməsi də tez-tez müzakirə edilir. Bəzi insanlar gənc yaşlarında ailə qurmağa daha çox maraq göstərdiyi halda, illər keçdikcə evlilik arzusunun azaldığını və tək yaşamağa daha rahat uyğunlaşdığını bildirir.
AZXEBER.COM xəbər verir ki, elmi araşdırmalar da yaşla evlənmək istəyi arasında müəyyən əlaqənin olduğunu göstərir. Lakin bu, yaş artdıqca hər bir insanın evlilik istəyini itirməsi anlamına gəlmir.
Yaş artdıqca evlilik istəyi zəifləyə bilər
ABŞ-da aparılmış araşdırmalardan birində 18-69 yaş arasında subay insanların evlənmək arzusu araşdırılıb. Tədqiqatın nəticələrinə görə, 55-69 yaş aralığında olan subay kişi və qadınların evlənmək istəyi daha gənc yaş qrupları ilə müqayisədə daha aşağı olub. Araşdırma göstərib ki, bu fərq yalnız maddi imkanlar, övlad sahibi olmaq, boşanma təcrübəsi və dini baxışlarla izah edilmir.
Başqa sözlə, yaşın özü də insanın evliliyə münasibətinin formalaşmasında müəyyən rol oynaya bilər.
40 yaşdan sonra dəyişiklik daha nəzərəçarpan ola bilər
Aparılan araşdırmalardan birində isə subay insanların evlənmək istəyinin yaş artdıqca azaldığı müəyyən edilib. Xüsusilə 40 yaşdan sonra bu azalmanın daha nəzərəçarpan olduğu bildirilib. Tədqiqatçılar bunu yalnız yaşla deyil, həm də insanın evlilik üçün real imkanları necə qiymətləndirməsi ilə əlaqələndirirlər.
Araşdırmada maraqlı məqam da ortaya çıxıb: insanın uyğun partnyorla tanış olmaq və münasibət qurmaq imkanlarının artması evlənmək istəyini də gücləndirə bilər. Yəni məsələ yalnız "yaşım artdı, artıq evlənmək istəmirəm” qədər sadə deyil.
İnsan niyə yaşlandıqca evlilikdən uzaqlaşa bilər?
İlk növbədə, insan yaşlandıqca həyat tərzi daha çox formalaşır. Gənc yaşlarda insan gələcək həyatını partnyorla birlikdə qurmağa daha açıq ola bilər. Daha sonrakı yaşlarda isə şəxsi həyat, iş rejimi, maddi imkanlar və gündəlik vərdişlər müəyyən sabitlik qazanır.
Bu mərhələdə insan evlilikdən əvvəl sahib olduğu rahatlığı və müstəqilliyi itirmək istəməyə bilər.
Digər mühüm amil əvvəlki münasibətlərdir. Boşanma və ya uğursuz münasibət təcrübəsi bəzi insanlarda yenidən evlənməyə qarşı ehtiyat yarada bilər. Lakin bu, bütün boşanmış insanların evlilikdən imtina etdiyi anlamına gəlmir.
Uyğun insanı tapa bilməmək də əsas səbəblərdən biridir
Evlilik istəyinin azalmasını yalnız yaşla əlaqələndirmək düzgün deyil. İnsan müəyyən yaşa çatdıqca həyat yoldaşından gözləntiləri də dəyişə bilər.
Gənclərdə evlilik arzusu daha yüksəkdir
18-29 yaşlı subayların təxminən 69 faizi gələcəkdə evlənmək istədiyini müəyyən edilib. Bu göstərici 30-49 yaş qrupunda 44 faizə, 50-64 yaş qrupunda 31 faizə, 65 və yuxarı yaşda isə 6 faizə düşüb.
Fəridə Əsədzadə











































