"Yaşamaq istəyirəm" adlı sənədli filmin nümayişi baş tutub.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının tərəfdaşlığı ilə "Yaşamaq istəyirəm" adlı layihə çərçivəsində hazırlanan sənədli filmin nümayişi baş tutub.
Tədbirdə sənədli film rejissoru Elcan Məmmədov, aktrisa Şəhla Məmmədova və gənclər iştirak edib. Nümayişdən sonra iştirakçıların filmlə bağlı fikirləri dinlənilib və çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, filmdə bu günə qədər baş verən saysız-hesabsız müharibələrin amansız üzü, əhəmiyyətindən və miqyasından asılı olmayaraq əsas zərər verdiyi kütlənin mülki əhali olması, savaşların azyaşlı uşaqlar üçün mənfi psixoloji təsiri göstərilib, sülh, əmin-amanlıq və dinc həyatın əhəmiyyəti vurğulanıb.
"Yaşamaq istəyirəm” adlı layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi Rüfət Hüseynovun layihəsidir.