Yay gələn kimi onlar daha çox qazanır – Ən gəlirli mövsümi peşələr

Yay gələn kimi onlar daha çox qazanır – Ən gəlirli mövsümi peşələr
SOSİAL
17:59 08.07.2026
280
Havanın isinməsi insanların istirahətə marağını artırdığı kimi, bəzi peşə sahibləri üçün də ilin ən gəlirli dövrü başlayır.

AZXEBER.COM xəbər verir ki, elə peşələr var ki, onların qazancının böyük hissəsi məhz yay aylarında formalaşır. Bu insanlar ilin qalan hissəsində ya daha az işləyir, ya da tamamilə başqa sahədə fəaliyyət göstərirlər.

Bəs yay aylarında ən çox qazanan mövsümi peşələr hansılardır?

Çimərlik işçiləri

Ən aktiv sahələrdən biri çimərlik xidmətləridir. Dəniz mövsümü açıldıqdan sonra şezlonq və çətir icarəsi ilə məşğul olanlar, paltardəyişmə kabinələrini idarə edənlər, duş xidmətləri göstərənlər və avtomobil dayanacaqlarında çalışanların işi xeyli artır. Onların gündəlik gəliri birbaşa çimərliyə gələn insanların sayından və hava şəraitindən asılı olur.

Küçə satıcıları və səyyar ticarətçilər

İsti havalarda dondurma və sərinləşdirici içkilərə tələbat kəskin artır. Bu səbəbdən dondurma satıcıları, küçə ticarəti ilə məşğul olanlar, meyvə şirəsi hazırlayanlar və səyyar satış nöqtələrində çalışanlar yay aylarında daha çox gəlir əldə edirlər.

Mövsümi qida satıcıları

Çimərliklərdə və istirahət məkanlarında bişmiş qarğıdalı, qarpız, qovun, meyvə, pambıq konfet və digər mövsümi məhsullar satan şəxslər üçün də yay ən məhsuldar dövr hesab olunur.

Kondisioner ustaları

Havanın isti keçməsi kondisioner ustalarının da işini artırır. Kondisionerlərin quraşdırılması, təmiri və texniki baxışı ilə bağlı müraciətlər yay aylarında dəfələrlə artır. Bir çox usta ilin ən yüksək gəlirini məhz bu dövrdə əldə edir.

Velosiped və skuter icarəsi ilə məşğul olanlar

Bulvarlarda, parklarda və turizm zonalarında velosiped, elektrik skuteri və digər nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olanlar da mövsümi qazanc əldə edənlər sırasındadır.

Tur şirkətləri və bələdçilər

Turizm mövsümünün başlaması tur bələdçilərinin də fəaliyyətini artırır. Daxili və xarici turistlər üçün ekskursiyalar təşkil edən bələdçilər, regionlara turlar keçirən şirkətlər və fərdi bələdçilər yay aylarında daha çox sifariş alırlar.

Daşınmaz əmlak vasitəçiləri və günlük kirayə xidməti göstərənlər

Yay aylarında bağ evlərinə və günlük kirayə mənzillərə tələbat da artır. Bu səbəbdən bağ evlərini kirayəyə verənlər, daşınmaz əmlak vasitəçiləri və günlük kirayə xidməti göstərənlər üçün də yay ilin ən gəlirli dövrü hesab olunur.

Su atraksionları operatorları

Su attraksionları ilə məşğul olan sahibkarlar üçün də yay əsas qazanc mövsümüdür. Su motosikleti, katamaran, banan qayığı, kater gəzintisi və digər su əyləncələri yalnız isti aylarda fəaliyyət göstərdiyindən, bu sahədə çalışanlar ilin əsas gəlirini məhz yayda əldə edirlər.
OXŞAR XƏBƏRLƏR