Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci il iyun ayının 14-də Quba, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün vətənpərvərlik yay- istirahət düşərgələri fəaliyyətə başlamışdır.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyunun 25-dən isə İsmayıllı rayonunda da düşərgə təşkil ediləcəkdir. Düşərgələrin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsidir. Düşərgənin 10-günlük proqramına uyğun olaraq gənclər mənalı istirahətlə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olmaq, müxtəlif mövzularda mühazirələri dinləmək, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda iştirak etmək imkanı əldə edəcəklər. Ümumilikdə 4 şəhər və rayonda təşkil edilən düşərgələrdə hər biri 10-günlük növbələr olmaqla 15 növbənin təmin edilməsi və 1500-dək gəncin iştirakı nəzərdə tutulmuşdur.