Yay gəldi. Ən çox zəhərlənmələr yay aylarında baş verir ki, bunun da səbəbi nitratla zəngin qidalardır. Yayın ən çox sevilən bostan bitkiləri arasında qarpız, pomidor mühim yer tutur. Bu tərəvəzlərin mədə-bağırsaq sistemi üçün böyük faydası olsa da, bəzən tərkibi nitratla zəngin bu qidalar faydadan çox zərər vermiş olur.
Zəhərlənmə ilə nəticələnə bilən bu qidalardan sığortalanmaq üçün müəyyən standartlara riayət etmək lazımdır. Açıq havada satılan qarpızlar zəhərlənmə üçün daha təhlükəlidir. Onlar günəş altında qaldıqda tərkibi dəyişir və sonda ağır zəhərlənməyə səbəb ola bilir. Bundan başqa, qarpız kəsildikdən onu sonra soyuducuda üstü açıq saxlamaq olmaz. Qarpızın üstü mütləq örtülməlidir. Qarpız uzun müddət soyuducuda saxlanıla bilməz. Zəhərlənmələrin baş verməməsi üçün evdə xanımlar qidaların saxlanma şərtlərinə də ciddi riayət etməlidirlər. Unutmaq lazım deyil ki, bu cür zəhərlənmə günvurmadan da təhlükəli hesab edilir.
Düzgün qidalanmaq və zəhərlənmədən qorunmaqla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. E. Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirdi ki, Azərbaycanda bu sahədə ciddi boşluqlar var. Əgər bununla bağlı qanun layihəsi hazırlanmazsa, istehlakçıların hüquqlarının pozulmasının qarşısı alınmayacaq. “Əgər biz dünya ölkələri ilə Azərbaycanda baş verən zəhərlənmə hallarını müqayisə etsək görərik ki, kifayət qədər zəhərlənmə halları baş verir. Bütün bunların başlıca səbəbi Azərbaycan qida zəhərlənmələrinin qeydiyyatında ciddi problemlərin olmasıdır. Səhiyyə Nazirliyi orqanları qidalara heç bir baxış keçirtmədən bu qidalara gigiyenik sertifikatı verir. Halbuki bu heç də belə deyil. Təəssüf olsun ki, bu gün bu sahədə çox ciddi problemlər və boşluqlar var. Məsələn, Azərbaycanda tort istehsalında ciddi problemlər var. Bu gün tortlarda heç bir sertifikatlaşma prosesi getmir. Belə olduqda isə zəhərlənmə halları qaçılmazdır”.
Eyyub Hüseynov onuda əlavə etdi ki, hazırda zəhərlənmə hallarının konkret hansı qida ucbatından baş verməsini təyin etmək çətindir. AİB sədri bunun səbəbini də açıqladı: “Azərbaycanda zəhərlənmə olduqda bununsəbəbini öyrənməkdə çətindir. Çünki insanlar zəhərləndikdə təcili tibbi yardıma müraciət edir. Təcili tibbi yardımın əməkdaşları isə bu vəziyyətdə mədəni yumaqla kifayətlənirlər. Bu vəziyyətdə isə zəhərlənmənin konkret hansı qidadan baş verməsini təyin etmək çətin olur”.
Zəhərlənmədə ən aktual qida qarpız olsa da, yayda daha çox istifadə edilən və zəhərlənmə hallarında çox rast gəlinən qidalar var. Belə ki, bu qidalar qarpızla birgə yayın ən təhlükəli qidaları hesab edilir:
1. Qarpız 2. Balıq 3. Göbələk 4. Pomidor 5. Dönər 6. Dondurma 7. Tort
Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.
Dondurmaya gəlincə, əslində bu qida heç də təhlükəli deyil. Hər kəsin sevdiyi dondurmalar o zaman təhlükəli ola bilər ki, tərkibi hədsiz konservant və rəngli maddələrdən ibarət olsun. Dondurma alarkən onun qatqısının az olmasına diqqət edin.
Pomidor yay yeməkləri sırasında kifayət qədər aktualdır. Amma pomidorların da müəyyən təhlükəsi var. Əgər pomidorun içində yaşıl rənglə qarşılaşırsınızsa, demək, bu, təhlükəlidir.
Şirniyyat hər zaman vazkeçilməz qidalardandır. Uşaqların sevimlisi olan bu qidalar həm yay, həm də qış aylarında təhlükəlidir. Dadı ilə cəlbedici olsa da, şirniyyat insan sağlamlığı üçün yalnız zərərlidir. Belə ki, qışda bir o qədər təhlükəli olmayan bu qidalar, yayda qəbul edildikdə ölümlə belə nəticələnə bilər. Yayda tort, şirniyyat qəbulu qan dövranını zəiflədir. Normadan çox qəbul edilən şirniyyat isə ağır nəticələr verə bilər.
Zəhərlənmənin əlamətləri hansılardır?
Zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, halsızlıq, başağrısı və qızdırmadır. Zəhərlənmiş insanın qızdırması 38-40 dərəcə olur və xəstədə dəhşətli üşütmə başlayır.
Zəhərləndiyimizi hiss etdikdə ilkin olaraq nə etməliyik?
Zəhərləndiyinizi hiss etdikdə əsla özünüzü itirməyin. Ev şəraitində ambulator olaraq zəhərlənməni bu cür qarşılamaq olar: belə ki, bir litr ilıq qaynadılmış suya 1 çay qaşığı xörək duzu, 1 çay qaşığı çay sodası və 2 xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır. Bunu qəbul edib mədənizi təmizləyə bilərsiniz. Əgər vəziyyətin daha ağır olduğunu hiss etsəniz mütləq həkimə müraciət etməlisiniz.
Odur ki, əgər zəhərlənmək və həkimə müraciət edərək yayda istirahətinizi pozmaq istəmirsinizsə, qidalanmanıza diqqət etməyi unutmayın.
Fatimə İbrahimova