Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı bu gün dünyasını dəyişib. Bu barədə APA-ya açıqlamasında xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib. Baş həkimin müavini Adil Salahov isə APA-ya deyib ki, yazıçı təxminən saat 15.20 radələrində vəfat edib. Vəziyyəti qəflətən pisləşən xəstədə qusma baş verib. Yaxınlarının da iştirakı ilə həkimlər R. Tağını təcili reanimasiya şöbəsinə yerləşdiriblər. Zəruri masaj və digər müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Baş həkimin müavini qeyd edib ki, ölümün dəqiq səbəbi patoloq-anatom tərəfindən müəyyənləşdiriləcək: “Hazırda hüquq-mühafizə orqanları əməkdaşlarının - müstəntiqin gəlməsini gözləyirik. Bundan sonra Rafiq Tağının ölüm səbəbləri araşdırılacaq”. Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub. Faktla bağlı cinayət işi başlanıb.