"Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək"

"Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək"
SİYASƏT
12:08 16.06.2026
293
Azərbaycanda kənd təsərrüfatının inkişafına dair təsdiq olunmuş yeni Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və əlavə dəyərin artırılmasına istiqamətlənib.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə təşkil edilmiş müşavirədə çıxışı zamanı bildirib.

Onun fikrincə, proqramın fundamental hədəfi yalnız istehsal göstəricilərini artırmaqla məhdudlaşmır, əsas diqqət hər hektardan daha yüksək həcmdə və keyfiyyətli məhsul yetişdirməyə yönəlib.

"Bu sənəd kənd təsərrüfatı məhsullarının istehsalında dayanıqlı inkişafın təmin olunmasını, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məhsuldarlığın və ixracyönümlülüyün artırılmasını, aqrar sahədə dəyər zəncirlərinin inkişafını, eləcə də balıqçılıq və akvakultura sektorunun yeni mərhələyə keçidini nəzərdə tutur.

Proqram aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi sürətləndirəcək və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək", - Z. Nağdəliyev qeyd edib.
 
//Report
OXŞAR XƏBƏRLƏR