Yeni gömrük rəsmiləşdirilməsi gəlir - Xaricdən alış-veriş edənlərə XƏBƏRDARLIQ

Yeni gömrük rəsmiləşdirilməsi gəlir - Xaricdən alış-veriş edənlərə XƏBƏRDARLIQ
SOSİAL
15:55 05.02.2026
1238
2026-cı il iyunun 1-dən etibarən Azərbaycanda elektron gömrük xidmətlərindən istifadə qaydalarında əhəmiyyətli dəyişikliklər qüvvəyə minir. Yeni tələblərə əsasən, vətəndaşlar "SmartCustoms” və "e.customs.gov.az” sistemlərinə fərdi identifikasiya nömrəsi (FİN) və parol vasitəsilə daxil ola bilsələr də, "Elektron Ticarət Bəyannaməsi” xidmətindən yalnız "Asanİmza”, "SİMA” və ya "myGov/QR” identifikasiya vasitələri ilə istifadə edə biləcəklər.

İndiyədək bəzi hallarda ayrı-ayrı şəxslər və şirkətlər başqasının adına məhsul sifariş edib gömrük rəsmiləşdirilməsini həyata keçirə bilirdilər. Yeni qaydalara görə isə yalnız sifarişi verən və məhsulun real alıcısı olan şəxs öz elektron identifikasiyası ilə bəyannaməni təsdiqləyə biləcək. Bu, elektron ticarətdə şəffaflığı artırmaqla yanaşı, kölgə mexanizmlərinin qarşısının alınmasına xidmət edəcək.

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni qayda daha çox yaşlı nəslə təsir göstərə bilər:

"Bu dəyişikliklər müəyyən çətinliklər yaradacaq və bu da xaricdən onlayn alış-verişin azalmasına təsir edə bilər. Xüsusən yaşlı nəsil üçün bu proseslər daha çətin olacaq. Gənclərin isə yeni tətbiqlər vasitəsilə sifariş verməkdə ciddi problemlə üzləşəcəyini düşünmürəm. Müəyyən problemlər ölkədən valyuta axınının və sifarişlərin azalmasına da qismən təsir göstərə bilər”.


İqtisadçı qeyd edib ki, pərakəndə satışla məşğul olan şirkətlər onlayn platformalarla rəqabət aparmağı bacarmalıdır:

"Sifarişlərin bu qədər artmasının əsas səbəbi yerli pərakəndə satış mağazalarında qiymətlərin baha olmasıdır. İnsanlar xaricdən alış-verişi daha sərfəli hesab edirlər. Pərakəndə satışla məşğul olan şirkətlər anlamalıdırlar ki, artıq onlayn ticarət dövründə yaşayırıq və bu reallığa uyğunlaşmalı, onlayn platformalarla rəqabət aparmağı bacarmalıdırlar. Yəni məhdudiyyətlər tətbiq etməklə deyil, normal rəqabətli mühitdə fəaliyyət göstərməlidirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR