“Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcmi artırılsın”
Bu gün Azərbaycanda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədov Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivlərinin müzakirəsi olub. Heydər Əsədov Azərbaycan və Gürcüstan arasında münasibətlərin Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və bu gün bu münasibətlərin prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini qeyd edərək, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışıb.
Azərbaycan və Gürcüstan arasında tarixən formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Heydər Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib. Nazir Heydər Əsədov yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssiələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması üzrə səylərin artırılması ilə bağlı təkliflər irəli sürüb.
Nazir Heydər Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə həmçinin Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.