“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?
DÜNYA
20:17 01.11.2026
207
Çində noyabr ayının ortalarında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Sammitə Rusiya və ABŞ prezidentləri də qatılacaqlar. Rusiya Prezidenti Vladimir Putin 2017-ci ildən bu yana ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq samiitində iştirak edəcək. Sammit çətçivəsində Rusiya, ABŞ və Çin liderləri – Vladimir Putin, Donald Tramp və Si Szinpin arasında üçtərəfli görüş planlaşdırılır. Rusiyada bəzi şərhçilər Çindəki gələcək görüşü "yeni Yalta” adlandırıblar. Yəni rusiyalı ekspertlərin fikrincə, 3 böyük dövlətin lideri guya Çində dünyanın bölüşdürülməsini müzakirə edəcəklər.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"İkinci Dünya müharibəsinin bitməsinə az qalmış ittifaq dövlətlərinin – ABŞ, Böyük Britaniya və SSRİ liderləri Krımın Yalta şəhərində müzakirələr aparmış, müharibə sonrası dağılan Avropanın gələcəyini müəyyənləşdirmişdilər. Ancaq bu dəfə Böyük Britaniyanı Çin əvəz edəcək. Pekin üçtərəfli görüş vasitəsilə özünün supergüc statusunu və diplomatik çəkisini nümayiş etdirmək, eyni zamanda etibarlı qlobal qüvvə olduğunu təqdim etmək istəyir. Əlbəttə, əgər 3 lider dünyada və bölgədə sabitliyin formalaşdırılması üçün razılığa gəlsələr, bu hamının xeyrinə olar. Ancaq Rusiya və Çinin gözləntiləri ABŞ-ınkından fərqlidir. Kreml Ukraynanın parçalanmasına, Pekin isə Tayvanın Çinə birləşməsinə ABŞ-ın mane olmamasını istəyir. Bu isə sülh və sabitlik deyil, dünyada xaosun davam etməsi deməkdir. Digər tərəfdən Ukraynanın gələcək taleyinin müzakirəsində Avropa da iştirak etmək istəyir. Çünki Ukrayna mövzusunun birbaşa Avropaya dəxli var. Donald Tramp üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması əhəmiyyətindən danışacaq. Vladimir Putin Donald Trampı dinləsə də, Donbasın işğalı fikrindən vaz keçməyəcək. Si Szinpin isə üçtərəfli görüşdə Ukrayna mövzusuna maraq göstərməyəcək. Pekin Ukraynanın gələcəyinə görə məsuliyyət daşımaq niyyətində deyil.

Si müharibənin zorla dayandırılması və Vladimir Putinin Rusiyada mövqelərinin zəifləməsini istəmir. Pekin Rusiya-Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, Moskvaya qarşı birbaşa tənqiddən çəkinir və Putinin müharibə iqtisadiyyatını dəstəkləməyə kömək etmək üçün Rusiya neft və qazını almağa davam edir.

1945-ci ildə keçirilən Yalta konfransı Avropanın gələcəyini müəyyənləşdirdi. Çində üç liderin görüşü isə Ukraynanın və ya Tayvanın gələcəyini müəyyənləşdirə bilməyəcək. Liderlər müxtəlif mövzularda fikir mübadiləsi aparıb dağılışacaqlar. Donald Trampın Çindəki müzakirələrdəki mövqeyinə sammitdən əvvəl Konqresə keçiriləcək ara seçkilərin nəticəsi də təsir edəcək”, - ekspert qeyd edib.
OXŞAR XƏBƏRLƏR