Orada nə desən, kimi desən tapmaq olar: real qəhrəmanlar, 50 müxtəlif ələ eyni anda oynayanlar, iqtidarın hesabına adam olub, o adamlığı illər sonra nadanlığa peşkəş edənlər, saxta bozqurdlar ya da ümumiyyətlə bozsuz-filansız QURDLAR, hərşeyşünaslar, 3 saata 3 milyon dəfə fikir dəyişdirənlər və sair ilaxır....Və nə qəribədir ki, hərəsi də Azərbaycanı “bir şəkildə”sevir. Həm də öz aləmində ürəkdən sevir, ən azından başa düşdüyü, beyin limitinin imkan verdiyi qədər sevir.
Ya da belə deyək, biriləri üçün bütün beynəlxaq güclərin pafoslu hədələri, hansısa dövlətin çevriliş ssenarisi, “edərəm ha, gələrəm ha, deyərəm ha!!” - xox gəlmələri həmin Azərbaycanın maraqlarının fövqündə durursa, yəni olub-bitəcək hər şey və istənilən təqib ölkə mənafeyinin, vətəndaş haqqının yanında vız gəlirsə, digərləri üçün Azərbaycanı sevmək məsələn tutaq ki, Kinomotoqrafçılar İttifaqında yoxa çıxan 83 min dolların aqibəti bəlli olandan sonra başlayır, şəhərin mərkəzində zəbt etmək istəyib, sonuca vara bilmədiyi torpaq sahələri əldən çıxınca, qardaş Parlamentə deputat seçilməyincə, telefon açdığı hansısa mötəbər məmur dəstəyi anidən asınca təzahür edir, peyda olur...***Milli Şura nəhayət ki, özünə sədr seçdi. “Sədrimiz”sə hələ məchullardadır, qeybə çəkilib, Amerika turnesinə çıxıb. Uzaqdan-uzağa sadəcə tapşırıq verir. Tapşırıq alıb-tapşırıq verir! 20 ilin siyasətçilərinə dərs deyir, yol göstərir, istiqamət verir. Yetmişinə qədər kino, yetmişindən sonra isə xalqın “dərdini” çəkir.Gipnoz edib siyasi romantikaya yuvarladığı fanatlar isə ucqar kənddə yaşayan uşaqlar kəndə bahalı maşının gəlməsini gözləyən təki gözləyirlər öz ağsaqqallarını.O gələcək və elə hava limanındaca hamıya noğul paylayıb ağızlarını şirin edəcək. Heyhat!***Bu arada, 92-nin kiçik bir epizodunu xatırladım. Bakının mərkəzi rayonlarından birinə 30 yaşlı icra hakimi təyin etmişdilər. Allahıma and olsun ki, adamdan çox kentazavra bənzəyirdi. Xidməti maşını olan “31-10”markalı avtomobilə birinci başını, dalınca gövdəsini, ən sonda isə ayaqlarını yerləşdirirdi. Hətta şahidlər nəql edir ki, bir dəfə iclasdan çıxan başçı camaat içində necə karıxıbsa qarşısında duran nəqliyyata avtobus kimi minirmiş, köməkçiləri tərsinə çevirib birtəhər soxublar maşına.Və... Azərbaycan bu cür “kadr”larla gələcəyə doğru irəliləməyə məhkum idi...Hə, bir də heç yadımdan çıxmaz, həmin il Oğuza getmişdik. Atamla rayonun mərkəzi küçələrinin birində gəzişərkən 3 gün öncə təyinatsız-filansız (nə var-nə var Cavadovun dostu imiş deyə) icra başçısı olmağı bacaran şəxslə qarşılaşdıq- adam bu mənsəbə gəlincə “bazarkom”idi. Atamın ünvanladığı: “Bu posta gəlişin necə oldu”? - sualına cavabında isə yeni BƏY anidən rayon icra hakimiyyətini ələ keçirərək, özü- özünü başçı elan etdiyini söylədi. Dinməzcə keçib getdik. O isə düz 1 il həmin postda qaldı. Rayonu da köhnə sənətinə adekvat olaraq bazara çevrildi təbii...Və bu gün...Çox dəyərli oxucular, xanımlar və cənablar!-Sizdən tək bir xahiş edəcəm: Lütfən gözünüzü bir anlıq yumun və Milli Şuranın heyətindən kimisə nazir postunda təsəvvür edin. (Baxın, İbrahimbəyovu Prezident kimi fikrinizdə canlandırın demirəm-çünki bu şoku kimsənin qaldırmayacağına əminəm).Gülsəniz də, ikrah hissinə bürünsəniz də təsəvvür edin lütfən. Nə baş verər sizcə? Hara gedərik? Ya da ümumiyyətlə harasa gedərikmi?Yenəmi maşınlara tərsinə girək? Yenəmi bazarı dövlət strukturlarına transfer edək? Yenəmi protokol tədbirində, dünyanın az qala bütün səfirlərinin qarşısında çaxırı butulka ilə başımıza çəkib, ardınca da bir dəstə “petruşka”nı rabiteyi-həzmə verək? Yenəmi Televiziya ekranlarına siqaretlə girib, canlı yayımda kimisə İsgəndər Həmidov sayağı əzişdirək? Yenəmi Milli Məclisi Banqladeş yarmarkasına çevirək?Sizin xəbəriniz varmı ki, Azərbaycan müxalifətində bütün qüvvələrin Gənclər və İdman Naziri kimi gələcəkdə görmək istədiyi və dəstəklədiyi şəxs Müsavatın gənclər təşkilatının sədri Tural Abbaslıdır?Bilirdinizmi bunu? Və ya, belə olacağı halda sizcə göydən yerə daş yağmazmı? Qiyamət yaxınlaşmazmı? Azərbaycan gəncliyi gedib özünü Xəzərə atmazmı?Ya da, AXP-Müsavat cütlüyünün hakimiyyəti dövründə ən intelektual və dövlət büdcəsinə hamıdan daha çox xeyir verən nazirin Hafiz Haciyev olduğundan məlumatlısınızmı? Bu söylədiyimin əlavə şərhə ehtiyacı varmı?Ən nəhayət... mövcud iqtidar komandasında bir zamanlar işi “papka”daşımaqdan, köməkçi olmaqdan o yana keçməyənlərin, bu gün ənənəvi müxalifətə “ata”lıq,”baba”lıq,”sarvan”lıq”etdiyinin necə, fərqindəsinizmi?***“Oskar”mükafatı deyil bu dövlət, əzizlərim!!! “Oskar” deyil ki, sahibləndiyin andan kiminləsə şərikinə işlədəsən, gedib Nikita Mixalkovun otağında saxlayasan, onunla ürəyin istədiyi tək davranasan...Vallah ki, billah ki, deyil...