Yol polisinin saxladığı sürücülərin "daydayları" kimlərdir?

Yol polisinin saxladığı sürücülərin "daydayları" kimlərdir?
Bütün Xəbərlər
11:14 25.08.2011
2149
Yol polisi ədəb-ərkanla salam verdikdən sonra sürücüdən sənədlərini istəyir. Sürücü tərəddüd etmədən təqdim edir. Yol polisi sənədləri bir-bir yoxladıqdan sonra sürücüyə onu nə üçün saxladığını izah edir. Məlum olur ki, VAZ-2107-nin sürücüsü manevr qaydalarını pozub və buna görə cərimə ediləcək. Sürücü nə qədər and-aman etsə də, xeyri olmur. Nəhayət, o ən son varianta - dosta zəng “xidmətinə” keçir. Zəng vurduğu şəxsə nəyi isə izah etdikdən sonra telefonu yol polisi inspektoruna uzadır. Yol polisi isə həmin şəxsi dinlədikdən sonra “Baş üstə, oldu”,- deyib telefonu və sənədləri sahibinə qaytarır və narazı halda, başını silkələyə-silkələyə öz xidməti maşınına doğru irəliləyir. Və beləcə, manevr qaydalarını kobud şəkildə pozan sürücü özündən razı halda avtomobilinə əyləşib ərazini tərk edir...Yəqin mənimlə razılaşarsınız ki, indi cəmiyyətimizdə belə hallarla tez-tez rastlaşırıq. Hər birimizin normal yanaşdığımız bu halın xoşagəlməz tərəfi odur ki, cəzalandırılmaqdan müxtəlif yollarla canını qurtaran sürücülər bir müddət sonra, necə deyərlər, arxayınlaşırlar və digər həmkarları üçün qəza şəraiti yaratmaq onları qətiyyən narahat etmir. Bu gün (dünən-red.) səhər işə gələrkən növbəti dəfə belə hadisə ilə üzləşdim. Açığı, məhz bundan sonra məndə bu mövzunu araşdırmaq həvəsi yarandı. Məsələn, mənə maraqlıdır ki, belə hallarda sürücülər ən çox kimlərə zəng vururlar? Zəng vurulan şəxslər yol polislərinə nə deyirlər? Bu “ənənə” ölkəmizdə nə vaxtdan formalaşıb? Əvvəl hədə-qorxu, sonra zəng...Mövzu ilə bağlı suallarıma cavab almaq məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Həmsöhbətimiz belə bir mövzunu araşdırmağımızı bir qədər təəccüblə qarşılasa da, suallarımızı ətraflı cavablandırdı. Kamran müəllim deyir ki, bu ənənə Azərbaycanda mobil telefonlar istifadə olunmağa başlayandan sonra formalaşıb: “Məsuliyyətdən yaxa qurtarmaq istəyən sürücülər bir çox hallarda müxtəlif yollara əl atırlar. Kimisi yol polisinə hədə-qorxu gəlir, kimisi israrla qaydanı pozmadığını sübuta yetirməyə çalışır. Amma əksər hallarda bunlar işə yaramır. Çünki qanun da tələb edir ki, qaydanı pozan sürücü cəzalandırılmalıdır. Görəndə ki, etdikləri işə yaramır, onda, adətən, mobil telefonla kiməsə zəng vururlar”. Yol polisi inspektorlarına qadağaHəmsöhbətimizin sözlərinə görə, əvvəllər yol polisləri zəng vurulan şəxslərlə danışırdılar, amma indi buna qadağa qoyulub: “Təbii ki, qanunda kiməsə zəng vurulması ilə bağlı maddə yoxdur. Çünki bunun özü anormal bir haldır. Amma bütün bunlara baxmayaraq, bir aydan çoxdur ki, yol polisi inspektorlarına belə hallarda telefonla danışmağa qadağa qoyulub”.K. Əliyev deyir ki, qadağalara uyğun olaraq, qaydanı pozmuş sürücü nə qədər israr edir-etsin inspektor telefonla danışmır: “Telefondakının kim olmasından asılı olmayaraq, əgər yol polisi onunla danışmırsa, buna görə həmin xidmət əməkdaşını kim cəzalandıra bilər? Burada qeyri-adi heç nə yoxdur”. “Qaydanı pozan sürücülər kimlərə zəng vururlar?” sualımıza gəlincə, Kamran müəllim bu barədə məlumatsız olduğunu söylədi. “Məndən xahiş edənlərin çoxu  jurnalistlərdir”Müsahibimiz belə anlarda zəng vurub, ondan yardım istəyənlərin də olduğunu gizlətmədi. Dediyinə görə, indiyədək bu məqsədlə ona zəng vuranların əksəriyyəti jurnalistlər olub: “Əgər kobud qayda pozuntusu olmayıbsa, imkan daxilində onlara kömək etmişəm”.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun da münasibətini öyrənmək istədik. Vaqif müəllim hospitalların birində müalicə olunduğunu dedi. Biz də öz növbəmizdə ona şəfa diləyib suallarımızı vermək istədik. Amma o yalnız bir həftədən sonra cavablandıra biləcəyini dedi: “Elə bildim yolda sizi “QAİ” saxladıb, kömək istəyirsiniz. Yox, əgər sorğu-sualdırsa, gərək bir həftə sonra əlaqə saxlayasınız. Nə qulluğunuz olsa, mən hazıram”.

/zaman.az

OXŞAR XƏBƏRLƏR