Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?

Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?
İQTİSADİYYAT
14:33 22.06.2026
487
Son günlər bəzi marketlərdə yumurtanın 1 və 3 qəpiyə satışa çıxarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aşağı qiymət alıcıların marağına səbəb olsa da, bəzi istehlakçılar məhsulun keyfiyyəti ilə bağlı narazılıqlarını bildiriblər. Onlar bəzi yumurtaların içindən yad cisim çıxdığını və məhsulda problemlər olduğunu iddia edirlər.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, yumurtanın qiymətinin bu qədər kəskin ucuzlaşması müsbət hal hesab edilmir.

"Yumurtanın qiymətinin kəskin ucuzlaşması istehsalçıların bazardan sıxışdırılmasına səbəb ola bilər. Bu isə gələcəkdə qiymət artımı ilə nəticələnə bilər.


Qiymət enməsinin əsas səbəblərindən biri ixrac imkanlarının zəifləməsidir. Əvvəllər ABŞ-yə də yumurta ixrac edilirdi. Son dövrlərdə tələbatın azalması səbəbindən ixrac dayanıb. Nəticədə istehsalçılar əllərində olan məhsulu daxili bazara çıxarıblar və bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Lakin bu proses uzunmüddətli deyil”, - deyə o qeyd edib.

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev isə bildirib ki, yumurtanın ucuzlaşmasının müxtəlif səbəbləri ola bilər.

"Ucuz qiymət hər zaman təhlükəli məhsul demək deyil. Bazarda təklifin artması, istehsalın çoxalması, mövsümi tələbatın azalması, ixrac imkanlarının zəifləməsi və market kampaniyaları qiymətlərin aşağı düşməsinə təsir edə bilər. Buna görə də yalnız qiymətə əsaslanaraq məhsulun keyfiyyəti barədə nəticə çıxarmaq düzgün deyil”.

Ekspert istehlakçılara yumurta alarkən diqqətli olmağı tövsiyə edib.

"Yumurtanın istehsal və son istifadə tarixlərinə, saxlanma şəraitinə, qabığının vəziyyətinə diqqət yetirmək lazımdır. Qabığında çatların olması, xoşagəlməz qoxu, rəng və quruluş dəyişiklikləri məhsulun istifadəyə yararsız ola biləcəyini göstərə bilər”.

Asim Vəliyev qeyd edib ki, yumurtanın düzgün saxlanılması qida təhlükəsizliyi baxımından vacibdir.

"Uyğun olmayan şəraitdə saxlanılan yumurtalarda mikrobioloji risklər yarana bilər. Buna görə məhsulun etibarlı mənbədən alınması, düzgün saxlanılması və yaxşı bişirilərək istifadə olunması tövsiyə edilir”.

Ekspert vurğulayıb ki, istehlakçılar məhsul seçərkən yalnız qiymətə deyil, həm də keyfiyyət, mənşə və saxlanma şəraitinə diqqət etməlidirlər.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR