Münasibətlərdə bəzən ən böyük incikliklər uzun mübahisələrdən deyil, düşünülmədən deyilən bir neçə sözdən yaranır. Xüsusilə insanın hisslərini nəzərə almayan ifadələr qarşı tərəfdə anlaşılmadığı və dəyər verilmədiyi hissini yarada bilər.
Münasibətlərdə ünsiyyət tərzi tərəflər arasında emosional yaxınlığın qorunmasında mühüm rol oynayır. Bəzi ifadələr isə niyyət pis olmasa belə, qarşı tərəf tərəfindən laqeydlik və ya hörmətsizlik kimi qəbul edilə bilər.
1. "Sakit ol”
İnsan əsəbi və ya kədərli olduğu zaman ona "sakit ol” demək vəziyyəti daha da gərginləşdirə bilər. Bu ifadə qarşı tərəfin hisslərini başa düşmək əvəzinə, onları susdurmağa çalışmaq kimi görünə bilər.
Belə məqamlarda insanın nə üçün narahat olduğunu dinləmək və hisslərini anlamağa çalışmaq daha faydalı yanaşmadır.
2. "Şişirdirsən”
Bu ifadə qadının yaşadığı problemi əhəmiyyətsiz hesab etmək kimi başa düşülə bilər. Qarşı tərəf üçün kiçik görünən bir məsələ digər insan üçün ciddi emosional narahatlıq yarada bilər. Fikir ayrılığı zamanı "şişirdirsən” demək əvəzinə, problemin səbəbini soruşmaq və fərqli baxışları anlamağa çalışmaq münasibətlərdə anlaşmanı asanlaşdıra bilər.
3. "Özün bilərsən”
Bu sözlər bəzi hallarda seçim azadlığına hörmət kimi səslənsə də, mübahisə zamanı laqeydlik və söhbətdən yayınmaq mənası verə bilər. Xüsusilə insan qarşı tərəfdən dəstək və münasibət gözlədiyi zaman belə cavab onu məyus edə bilər. Belə vəziyyətlərdə fikri açıq ifadə etmək, qarşı tərəfin mövqeyini dinləmək və ortaq qərara gəlməyə çalışmaq daha sağlam ünsiyyət yarada bilər.
Qeyd edək ki, bu ifadələrin təsiri hər kəsdə eyni olmur. Sözlərin necə qəbul edilməsi münasibətin xarakterindən, danışıq tonundan və konkret vəziyyətdən asılıdır. Sağlam münasibət üçün əsas məsələ yalnız hansı sözlərin deyilməsi deyil, tərəflərin bir-birini dinləməsi və hisslərinə hörmətlə yanaşmasıdır.
///sfera.az///











































