"Zaqar" dəri xərçənginin yaranma ehtimalını artırır"

"Zaqar" dəri xərçənginin yaranma ehtimalını artırır"
SOSİAL
02:35 26.06.2026
222
Yay mövsümünün gəlişi ilə birlikdə çimərliklərdə insan sıxlığı da artmağa başlayıb. Dəniz və hovuz istirahəti sərinləmək üçün ideal seçim olsa da, gigiyena qaydalarına əməl edilmədikdə müxtəlif sağlamlıq riskləri ortaya çıxa bilər. Çirkli su, natəmiz qum və ümumi istifadə olunan əşyalar dəri, qulaq, göz və mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər daha yüksək risk altındadır. 

Bəs çimərliklərdə hansı xəstəliklərə yoluxmaq mümkündür və sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik?

Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Demokrat.az-a bildirib ki, çimərlik mövsümündə müxtəlif təhlükəli vəziyyətlərlə qarşılaşmaq mümkündür:

"Son vaxtlar baş verən suda boğulma halları bunu bir daha göstərir. Hava şəraitindən asılı olaraq və xüsusilə dövlət tərəfindən icazə verilməyən çimərliklərdə çimmək qətiyyən yolverilməzdir. Çimərliklərdə əsas təhlükələrdən biri suda boğulma riskidir və bu cür halların qarşısının alınması vacibdir. Digər mühüm məqamlardan biri isə insanların uzun müddət günəş altında qalmasıdır. Son dövrlərdə geniş yayılan hallardan biri də dəniz kənarında saatlarla günəş vannası qəbul edərək bədəni həddindən artıq günəş şüalarına məruz qoymaqdır. Bu isə yüngül, orta və ağır dərəcəli günvurma, eləcə də müxtəlif səviyyəli gün yanıqları ilə nəticələnə bilər. Nəticədə dəridə yanıq, soyulma və termik zədələnmələr yaranır”.

O deyib ki, uzun müddət birbaşa günəş altında qalmaq bir çox dəri xəstəliklərinin, o cümlədən dəri xərçənginin yaranma riskini artırır:

"Xüsusilə immuniteti zəif olan şəxslər bəzən günəş vannasının orqanizm üçün faydalı olduğunu düşünərək saatlarla günəş altında qalırlar. Lakin aparılan elmi araşdırmalar göstərir ki, bu vərdiş dəri xərçənginin yaranma ehtimalını artırır. Bundan başqa, çirkli sularda və icazə verilməyən çimərliklərdə çimmək müxtəlif mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər. Bu infeksiyalar adətən ishal, qusma və qarın ağrıları ilə müşayiət olunur. Buna görə də çimərlik mövsümündə təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl etmək vacibdir”.
OXŞAR XƏBƏRLƏR