"Zaur Baxşəliyev artıq sevilən sima deyil"

"Zaur Baxşəliyev artıq sevilən sima deyil"
ŞOU-BİZNES
13:04 02.06.2011
18355


-Zaur, deyəsən ulduz xəstəliyi sənə də keçib axı?


- “Ulduz xəstəliyi” deyilən bir anlam yoxdur. İnsanlar özlərini belə göstərir. Bu, psixoloji təsirdir. İndiki şou aləmində “ulduz” deyəndə, hamının ağlına ilk gələn şəxs Röyadı. Mən indi özümü nə onunla müqayisə edirəm, nə də belə bir fikrim var, sadəcə, vaxt var idi onun ulduz olacağına çoxları inanmırdı, amma indi fakt, faktdır. Röya, müğənnilikdən əlavə çox ağıllı qadındır. O, ulduz olduğunu hər kəsə sübut etdi. Onda olan səs bəlkə də çox adamda var. Amma söhbət, yeməyi necə təqdim etməkdən gedir.Tamaşaçıya necə təqdim edirsənsə, səni elə də qəbul edir.

- Maraqlıdır, müsahibəyə başlayan kimi Röyanın adını çəkdin. Niyə?

- Bu suala az əvvəl dolayısı ilə cavab verdim axı.

- Bəlkə sən başa düşürsən ki, Röyanın adı olan yer mütləq reyting verir?

- Sən özün də bilirsən ki, mən hər həftə efirdəyəm. Hətta siz hər həftə məndən yazırsınız. Hələlik, bu mənim üçün yaxşıdır. Röyaya gəldikdə isə, o, bizim verilişimizdə də qonaq olub. Bu veriliş onun rəhbərlik etdiyi “Ulduz” productionda bizim birgə layihəmizdir. Bunu biləndən sonra heç kim düşünməz ki, Zaur özünü reklam etmək üçün Röyanın adını çəkir.

- Zaur, bəs düşünürsən ki, artıq reklama ehtiyacın yoxdur?

- İnsan heç vaxt əlində olanla kifayətlənmir. Hər şeyin öz zamanı var. Nəinki mənim, hətta bu gün ulduz olan Röyanın da reklama ehtiyacı var.

- Zaur bundan artıq nə istəyir?

- Aparıcılıq karyeramda öz yerimi tutmaq.

- Görürsən, demək sənin hələ də reklama ehtiyacın var!

- Hər kəsin var. Kimin yoxdur ki? Ən çox tanınan müğənnilərin belə reklama böyük ehtiyacı var. Əgər hansısa ulduzun reklama ehtiyacı olmasa, efirə çıxar? Çıxırsa, demək var. Niyə onlar “Rəngarəng”ə gəlirlər? Özü də bilirlər ki, mütləq onları sancacam. Görsənməyən insan unudulur. Bu reallıqdır və hər kəs bunu qəbul etməlidir. Əsasən də şou aləmində...

- Zaur, fikrimcə, sən qalmaqala bir az meyillisən...

- Yox, əksinə. Mən qalmaqaldan bir az uzaq insanam. Mənim dediklərim qalmaqal yox, həqiqətdir. Qalmaqal isə tamam başqa bir şeydir. Onu sənətçilər bilər... O, ondan küsür, bununla barışır, onunla dalaşır, buna ismarıc göndərir... mən isə, sadəcə, gördüklərimi deyirəm.

- Həmişə qonaqlarına şəxsi həyatını açıb tökən aparıcıya, öz şəxsi həyatı barədə sual vermək olar?

- Aparıcı elə işləməlidir ki, onun şəxsi həyatı heç kimə maraqlı olmasın. Mənim efirdə danışığımdan və özümü aparmağımdan danışsınlar. Heç vaxt razı olmaram ki, şəxsi həyatım müzakirə obyektinə çevrilsin.

- Sən qeyd etdin ki, efirdə heç bir müğənniyə söz atmırsan. Fikrimcə, bir adı unutmusan. Çünki bu yaxınlarda efirdə Elariz Məmmədoğluna söz atmısan, o, hətta sənə cavab da verib.

- Artıq bir neçə dostlarım Elarizin Day.Az radiosunda qonaq olarkən mənə ismarıc yolladığını deyiblər. Bax, elə Muradın verilişində Elariz demək olar ki, təhqirə keçib. Mənə dostlarım bildirib ki, o, çox əsəbləşib. Mən isə təhqir etmədim, əksinə, yeni mahnısını təbrik edib, sadəcə adını çəkdim, həmin vaxt isə mənim qucağımda olan oyuncaq onun diqqətini cəlb edib. Axı mən demədim ki, bu oyuncaq ona oxşayır, sadəcə, qonağıma zarafatca bu oyuncağı şou aləmində “kimə oxşadırsan” deyəndə, qonağım olan Məryəm Süleymanova “heç kimə” deyib sualın üstündən diplomatik keçdi, mən də bu mövzunu bağladım. İndi o, iddia edir ki, mən onu həmin oyuncağa oxşatmışam.

Siz mənə o sözü gətirib göstərin, hansında mən demişəm ki, bu kukla Elarizə bənzəyir, ondan sonra həm siz, həm də Elariz haqlı olar. Amma Elariz nə etdi? Yəni ona sərf edən kimi başa düşmək istədi. Danışdı, nə danışdı, onun danışdıqlarını demirəm, çünkü ağzımı belə lazımsız sözlərlə yormaq istəmirəm. Sadəcə deyirəm, adama deyərlər “soğan yeməmisən, için niyə göynəyir?”

- Sənin onunla bölə bilmədiyin nədir?

- Heç nə. Əslində Elariz bir vaxtlar çox tanınırdı. Amma bilmirəm necə? Çünki o, doğurdan da yaxşı oxuyan olmayıb. Mənim musiqi savadım var və bu sözü deyə bilərəm - Elariz Məmmədoğlu oxuya bilmir. Ona oxumaq demək olmaz. Bu gün hər yerindən duran, əlinə mikrofon alıb, oxuyur.

- Bəlkə elə yerindən duran hər kəs də aparıcılıq edir?

- Bəli, elə də olur. Amma indi bizim aparıcıların bəziləri belə oxumağa başlayır. Mənim isə musiqi savadım ola-ola, heç vaxt oxumağa meyl göstərməmişəm. Mən, necə deyərlər, “Yarımçıq papaqçı olmaq istəmirəm”, ondansa ”Kamil aparıcı olum” bu mənə yetər, özü də çox, o biriləri özləri bilər.

- Zaur adı Azərbaycan teleməkanında tək deyil, amma sonuncu gələn addır...

- Zaur mənim ən sevdiyim addır. Amma bu mövzu son zamanlar çox tez-tez açılır. Sən konkret olaraq kimlərdən danışırsan?

- Zaur Baxşəliyev, Zaur Kamal, onlardan sonra isə Zaur Nəbioğlu gəldi. Nədir fərqiniz?

- Fərqim odur ki, mən televiziyada boşluq yaranan vaxtı gəldim. Bizim hərəmizin öz yolu var. Mən indi neynəməliyəm ki, adım Zaurdur?

- O biri həmkarlarında bəyənmədiyin nədir?

- Zaur Kəmala baxanda, bəzən əsəbiləşirəm. Onun qonaqlarla rəftarı məncə, düzgün deyil.

- Bəs “Yağ kimi” Zaur?

- Z.Baxşəliyev zamanında çox sevilirdi. Onun hətta fanatları var idi. “Bizim səhər” verlişində Zauru dəhşət çox istəyirdilər. Amma “Yağ kimi”dən sonra o, sevənlərini itirdi. Bəlkə də bir az gözdən düşdü. Çünki Zaur get-gedə dəyişirdi. İndi isə etiraf etmək lazımdır kı, Baxşəliyevin vaxtı artıq keçir. Zaur artıq sevilən sima deyil. Bu, həqiqətdir.

- Zaur, deyirsən “qalmaqal xoşlamıram”, müsahibənin əvvəlindən qalmaqallı açıqlamalar verirsən. Mənə elə gəlir ki, özünü ulduz kimi aparırsan.

- Mən ulduz deyiləm, amma çalışacam o cərgədə nə vaxtsa mənim adım da olsun. Mən indiki Zaurla kifayətlənməyəcəm. Öz üzərimdə işləyəcəyəm. Mənim bugünkü uğurumda verilişimizin rejissoru Aynurə Tahirqızının, “Ulduz” production, yəni Röya ilə Kənanın böyük rolu olub. Bu insanlarla biz hələ çox birgə işlər görəcəyik.

- Sonuncu sual: görürəm, adlar deməkdən qorxmursan; səsi olmayan müğənnilər kimlərdi?

- Elarizi dedim. Sonra Günel Ələkbərova (“Pişik” Günel). Əslinə qalsa, münasibətimiz normaldı, məncə o, müğənni yox, aktrisa olmalı idi. “Saqqız” Eminin qız fanatları çoxdur, amma o da oxuya bilmir. Namiq Qaraçuxurlu isə yaxşı meyxanaçıdı, amma müğənni deyil. Yeri gəlmişkən, onun meyxanaçı kimi bir ordu fanatı var idi. Amma o, Aygün Kazımova ilə mahnı duetləri oxuyandan sonra  fanat ordusu çox azaldı. Nəzərə alaq ki, Namiq və Aygün cütlüyü ayrılıqda hərəsi bir tanınmış simadı. Elza Seyidcahan məncə oxumaqdansa əndrabadi paltarları və qeyri-adi layihələri ilə ancaq maqazin verlişlərində olsa yaxşıdır...

Mələk
Milli.Az

OXŞAR XƏBƏRLƏR