Özəl bağçalarla maliyyələşmə müsabiqəsi müzakirə olundu

Özəl bağçalarla maliyyələşmə müsabiqəsi müzakirə olundu
SOSİAL
17:03 07.08.2026
176
Məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Kənan Kərimzadə çıxışında məktəbəqədər təhsilin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, erkən yaşlarda təhsilə qoyulan investisiya gələcəkdə cəmiyyət üçün daha böyük fayda verir. Nazir müavini əlavə edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri də məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqləyir.

O qeyd edib ki, valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə mexanizmi özəl müəssisələr üçün yeni təşviq imkanları yaradacaq və məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə töhfə verəcək.

Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva müsabiqənin şərtləri, iştirak qaydaları və maliyyələşmə mexanizmi barədə iştirakçılara ətraflı məlumat verib.

Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.
OXŞAR XƏBƏRLƏR