Son illər özəl klinikaların fəaliyyəti ilə bağlı müzakirələr xeyli artıb. Müxtəlif vaxtlarda bəzi tibb müəssisələrində baş verən qalmaqallı hadisələr pasiyent hüquqları, tibbi xidmətin keyfiyyəti və həkim məsuliyyəti məsələlərini yenidən gündəmə gətirib.
Vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynayan bu müəssisələrdə xidmət standartlarının təmin edilməsi və qanunvericiliyin tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır. Lakin vaxtaşırı üzə çıxan pozuntular nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, klinikaların fəaliyyətində əsas meyar onların mülkiyyət forması deyil, tibbi standartlara və qanunvericiliyin tələblərinə riayət edilməsidir.
Onun sözlərinə görə, istər dövlət, istər özəl, istərsə də bələdiyyə tibb müəssisələri eyni hüquqi və tibbi prinsiplər əsasında fəaliyyət göstərməlidir:
"Ümumiyyətlə, mülkiyyət formasından asılı olmayaraq bütün klinikalar – istər dövlət, istər özəl, istərsə də bələdiyyə tibb müəssisələri – tibbin qanunları ilə fəaliyyət göstərməlidirlər. Əsas prinsip budur, qayda-qanun belədir. Qayda pozuntularının mülkiyyət formasına aidiyyəti yoxdur.
Hesab edirəm ki, burada əsas məsələ nəzarət mexanizminin sərtləşdirilməsi ilə yanaşı, Səhiyyə Nazirliyi tərəfindən müalicə vasitələrinin dövlət reyestrinin formalaşdırılmasıdır. Azərbaycan ərazisində istifadəsinə icazə verilən klinik protokollar, müalicə üsulları və vasitələr dəqiq müəyyənləşdirilməlidir ki, sabah kimsə çıxıb ‘bu mənim üsulumdur, dünyada ilk dəfədir’ kimi əsassız iddialar irəli sürməsin. Bu məsələlərdə beynəlxalq təcrübədən istifadə olunmalıdır. Mülkiyyət formasından asılı olmayaraq bütün klinikalar eyni prinsiplərlə fəaliyyət göstərməlidirlər.”
Fəridə Əsədzadə











































